Bazar ertəsi, 3 Avqust, 2026
Tarix: 02 Aug 2026 23:15
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində bu gün Moldova musiqisi və rəqslərindən ibarət konsert təşkil olunub.
APA-nın Şirvan bürosu xəbər verir ki, “Qafqaz Resort” Amfiteatrında Moldova Respublikasının tanınmış "Fluieraș" Xalq Mahnı və Rəqs Ansamblı və "Millenium" Etno-Estrada Qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib.
Baş baletmeyster Yuri Bivol, "Millenium" etno-estrada qrupunun bədii rəhbəri Vlad Qorqoşun rəhbərliyi altında kollektivlərin təqdim etdiyi proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsert xalq motivləri əsasında hazırlanmış instrumental improvizasiya ilə başlayıb. Ardınca "Mənim moldovalı qızım" mahnısı, "Bahar Horası", "Kodrenyaska", "Kənd Horası" kimi Moldova xalq rəqsləri, xalq mahnıları, folklor popurriləri və "Millenium" ansamblının repertuarından seçilmiş nömrələr təqdim olunub. Gecənin yaddaqalan məqamlarından biri də Moldovanın ən məşhur ənənəvi dairəvi rəqsi olan "Hora"nın nümayişi və "Cine-a făcut Horele" mahnısından səsləndirilən fraqment olub.
Konsert boyu Moldova xalqının zəngin musiqi irsi, milli rəqslərinin rəngarəngliyi və folklor ənənələri peşəkar ifaçılıqla nümayiş etdirilib. Musiqi, rəqs və səhnə quruluşunun ahəngdar vəhdəti tamaşaçılara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, 1945-ci ildə Moldova Dövlət Filarmoniyası nəzdində yaradılan "Fluieraș" Xalq Mahnı və Rəqs Ansamblı bu gün ölkənin ən nüfuzlu folklor kollektivlərindən biri kimi tanınır. Ansambl uzun illərdir Moldova xalq musiqisi və xoreoqrafiya sənətini beynəlxalq arenada uğurla təbliğ edir.
1997-ci ildə əsası qoyulan "Millenium" Etno-Estrada Qrupu isə xalq musiqisini müasir estrada elementləri ilə sintez edən özünəməxsus yaradıcılıq üslubu ilə seçilir. Kollektiv indiyədək Rumıniya, Fransa, Türkiyə, Almaniya, Polşa, Kanada, Serbiya və digər ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurlu çıxışları ilə tanınıb.
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində müxtəlif ölkələrin tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsert proqramları davam edir. Festival dünya musiqi mədəniyyətinin zəngin nümunələrini Azərbaycan tamaşaçısına təqdim etməklə yanaşı, mədəniyyətlərarası dialoqun inkişafına da mühüm töhfə verir.
İlham Əhmədov





















Mənbə: apa.az