Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 12:43
Avqustun 5-də Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə “QHT sektorunda rəqəmsallaşmavə innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.
APA xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, rəqəmsallaşma artıq QHT-lər üçün seçim deyil, institusional inkişafın əvəzolunmaz tərkib hissəsinə çevrilib: “Süni intellekt və rəqəmsal kommunikasiya hər bir sahədə inkişafa təkan verən vacib amildir. Bu, həm də düşüncənin inkişafı deməkdir. Daha intellektual vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, rəqəmsal transformasiyaya diqqət ayırmalıyıq”.
Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Türk Dövlətlərinə üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi Azər Allahverənov qeyd edib ki, rəqəmsal transformasiya alətləri QHT-lərə daha çevik idarəetmə modelinə əlçatanlığı artıra bilər:
"Artıq QHT layihələrin hazırlanmasında da süni intellekt proqramlarından istifadə edillir. Həmin proqramdan kömək üçün iatofadə etmək lazımdır, layihəni bütövlükdə süni intellektin ixtiyarına vermək olmaz. Bununla bağlı sistemli yanaşmaq mütləqdir".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fatimə Bayramlı bildirib ki, hazırda “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin yaradılması üzrə intensiv iş aparılır: “Bu informasiya sistemi QHT-lərin dövlət dəstəyi ilə bağlı bütün müraciət, qiymətləndirmə, maliyyələşdirmə, icra, monitorinq və hesabatlılıq proseslərinin tam elektron mühitdə idarə olunması təmin edəcək. Beləliklə, qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq”.
Agentlik nünayəndəsi əlavə edib ki, yaxın vaxtlarda bu sistemin əsasnaməsinin qəbul edilməsi gözlənilir. Prezidentin 29 dekabr 2025-ci il tarixli 560 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş Qayda dövlət büdcəsindən QHT-lərin maliyyələşdirilməsi üzrə “bir pəncərə” prinsipi əsasında mexanizmi müəyyən edib. “Bir pəncərə” prinsipi əsasında bütün proses rəqəmsal formada və süni intellektin imkanlarından geniş istifadə ilə təşkil olunacaq.
Edilən yeniliklərə görə, QHT-lərlə qrant müqavilələri imzalandıqdan sonra müqavilələrin qeydiyyata alınması və qeydiyyata alınma haqqında bildirişlərin verilməsi prosesinin də “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminə inteqrasiyası nəzərdə tutulur.
Bu, qeydiyyata dair bildirişlər üzrə kağız sənəd dövriyyəsinin aradan qalxması deməkdir.
“İnformasiya və Sosial Təşəbbüslərə Dastək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə rəqəmsal medianın və yeni texnologiyaların vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlardan danışıb. Bildirib ki, Azərbaycanda 2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqəsində qalib gələn 407 QHT-dən 65-nin veb-saytı var, bu da təxminən 16 faiz deməkdir.
Qeyd edilib ki, bu il təqribən 300 QHT-yə qrant ayırılıb. O da bildirilib ki, son dövrlər QHT-lərin rəqamsal mediada görüntülənməsi xeyli artıb, bu, müsbət haldır.
Müzakirələr zamanı QHT-lərdə süni intellekt alətlərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, kibertəhlükəsizlik, məlumatların qorunması, sosial media strategiyaları, elektron iştirakçılıq mexanizmləri və innovativ layihə idarəetmə həlləri ilə bağlı fikir mübadiləsi aparılıb və bu istiqamətdə dövlət-QHT-özəl əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Emin Şirvanzadə Milli QHT Forumu AMQF “QHT sektorunda rəqəmsallaşmavə innovasiyalar”
Mənbə: apa.az