ARDNF-nin Latın Amerikası debütü: Azərbaycanın neft gəlirlərinin yeni investisiya ünvanı - TƏHLİL

ARDNF-nin Latın Amerikası debütü: Azərbaycanın neft gəlirlərinin yeni investisiya ünvanı - TƏHLİL

Tarix: 07 Aug 2026 14:07

Dünya iqtisadiyyatında kapitalın hərəkət istiqaməti dəyişdikcə uzunmüddətli investorların diqqət yetirdiyi aktivlərin xarakteri də dəyişir. Enerji keçidi, artan elektrik enerjisi tələbatı, yeni generasiya güclərinin yaradılması və mövcud infrastrukturun yenilənməsi böyük həcmdə kapitala uzunmüddətli ehtiyac formalaşdırır. Bu şəraitdə enerji infrastrukturu yalnız strateji əhəmiyyətli sahə kimi deyil, həm də sabit və uzunmüddətli gəlir imkanları yarada bilən investisiya istiqaməti kimi önə çıxır.

Belə bir mühitdə iri institusional investorların qarşısında yalnız mövcud bazarlarda mövqelərini qorumaq deyil, yeni coğrafiyalara çıxmaq və portfellərini müxtəlif iqtisadiyyatlar hesabına daha dayanıqlı etmək vəzifəsi dayanır. Xüsusilə enerji və digər infrastruktur aktivlərinin inkişafına ehtiyac olan bazarlar uzunmüddətli kapital üçün yeni imkanlar açır. Latın Amerikası da son illərdə bu baxımdan beynəlxalq investorların diqqətində olan regionlardan birinə çevrilir.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiyası məhz bu geniş prosesin fonunda diqqət çəkir. Bu investisiya ARDNF-nin Latın Amerikası regionunda tərəfdaşları ilə birgə həyata keçirdiyi ilk müştərək investisiyadır. Sövdələşmə bununla yanaşı, Fondun investisiya coğrafiyasının yeni region hesabına genişləndirilməsi baxımından da diqqət çəkir.

İlk dəfə Latın Amerikası bazarına tərəfdaşlıq modeli ilə daxil olmaq Fondun uzunmüddətli investisiya strategiyasına uyğundur. ARDNF üçün neft gəlirlərindən formalaşan vəsaitlərin müxtəlif bazarlarda səmərəli şəkildə yerləşdirilməsi, portfelin yalnız ənənəvi maliyyə alətləri ilə məhdudlaşmaması və real iqtisadi aktivlərə çıxışın artırılması mühüm istiqamətlərdən biridir.

Peruda seçilən aktiv, bu strategiya baxımından xüsusi maraq doğurur. “Inkia Energy” hidroelektrik, təbii qaz, günəş və külək elektrik stansiyalarından ibarət şaxələndirilmiş aktivlər portfelini idarə edir. Bu geniş aktiv bazası şirkətə Peru enerji sektorunda mühüm mövqe qazandırır. Eyni zamanda, inkişaf portfelində 4 QVt-dan çox layihənin olması investisiyanın yalnız mövcud aktivlərlə məhdudlaşmadığını, gələcək generasiya imkanlarına da çıxış yaratdığını göstərir.

Portfelin müxtəlif enerji mənbələrini əhatə etməsi də ayrıca əhəmiyyət daşıyır. Enerji bazarının transformasiya olunduğu bir dövrdə hidroenerji, təbii qaz, günəş və külək enerjisini birləşdirən aktivlər həm bazar dəyişikliklərinə uyğunlaşmaq, həm də gəlir mənbələrini müxtəlifləşdirmək baxımından daha geniş imkanlar yaradır.

Peru bazarının ARDNF üçün önəmi də burada ortaya çıxır. Fond yeni coğrafiyaya daxil olmaqla enerji sektorunda inkişaf perspektivləri olan bazarda strateji əhəmiyyət daşıyan və sabit pul axınları yaratmaq potensialına malik infrastruktura çıxış əldə edir. Beləliklə, investisiya həm coğrafi, həm də aktivlərin xarakteri baxımından portfelin şaxələndirilməsinə xidmət edir.

Bu investisiyanın ARDNF-nin investisiya siyasəti və Azərbaycan iqtisadiyyatı baxımından əhəmiyyətini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edir:

“Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin strateji maliyyə ehtiyatlarının səmərəli idarə olunması, investisiya portfelinin şaxələndirilməsi və fond vəsaitlərinin əlavə gəlir mənbəyinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Fondun əsas məqsədlərindən biri yalnız mövcud maliyyə resurslarını qorumaq deyil, eyni zamanda onları etibarlı və yüksək gəlir potensialına malik layihələrə yönəltməklə uzunmüddətli gəlirlilik təmin etməkdir.

Bu baxımdan ARDNF-nin beynəlxalq investisiya şirkəti “I Squared Capital” ilə əməkdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçılarından biri olan “Inkia Energy” şirkətinə investisiya yatırması mühüm əhəmiyyət daşıyır. Bu investisiya Azərbaycanın enerji sektorundan əldə olunan gəlirlərin qlobal miqyasda perspektivli və dayanıqlı sahələrə yönəldilməsinin nümunəsidir”.

Azər Badamovun sözlərinə görə, “I Squared Capital” şirkətinin “Inkia Energy”də 50 faizlik payının əldə olunması ARDNF-nin də iştirak etdiyi investisiya mexanizmi vasitəsilə həyata keçirilib. Təxminən 2,6 QVt istehsal gücünə malik olan “Inkia Energy” Perunun elektrik enerjisi bazarında mühüm mövqeyə sahibdir və ölkənin ümumi elektrik istehsalının təxminən 22 faizini təmin edir.

Deputat onu da qeyd edir ki, sözügedən investisiya bir neçə istiqamətdən mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, ARDNF üçün əlavə gəlir imkanları yaradır və Fondun maliyyə dayanıqlığının möhkəmləndirilməsinə xidmət edir. Digər tərəfdən, bu addım Azərbaycanın investisiya coğrafiyasının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, Fond ənənəvi investisiya istiqamətləri ilə yanaşı, Latın Amerikası kimi yeni və perspektivli regionlarda da fəaliyyətini genişləndirir.

“ARDNF-nin enerji, infrastruktur, texnologiya və digər strateji sahələrə investisiyalar yatırması Azərbaycanın qlobal iqtisadi proseslərdə daha fəal iştirakını təmin edir. Bu cür investisiyalar yalnız maliyyə gəlirləri əldə etmək məqsədi daşımır, eyni zamanda ölkənin beynəlxalq investisiya imkanlarını artırır və iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır.

Ümumilikdə, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərin peşəkar idarə olunması, risklərin bölüşdürülməsi və yüksək gəlir potensialına malik layihələrə iınvestisiya yatırılması istiqamətində həyata keçirdiyi siyasət ölkənin uzunmüddətli iqtisadi maraqlarına xidmət edir. Bu yanaşma Azərbaycanın maliyyə sabitliyinin qorunmasına, qlobal iqtisadi risklərə qarşı dayanıqlılığın artırılmasına və gələcək nəsillər üçün etibarlı maliyyə bazasının formalaşdırılmasına mühüm töhfə verir”, - Azər Badamov vurğulayıb.

ARDNF-nin məcmu aktivlərinin 70 mlrd. dollardan çox olması da investisiyanın miqyasını daha geniş kontekstdə qiymətləndirməyə imkan verir. Belə bir institusional investor üçün yeni sövdələşmənin əhəmiyyəti yalnız onun maliyyə nəticələri ilə məhdudlaşmır. Yeni bazarlarda təcrübə qazanılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi də uzunmüddətli strategiyanın mühüm hissəsidir.

Bu çərçivədə “I Squared Capital” ilə tərəfdaşlıq ayrıca diqqət çəkir. Qlobal infrastruktur sektorunun aparıcı investorlarından olan şirkətin idarə etdiyi aktivlərin dəyəri 60 mlrd. dollardan çoxdur və onun portfelində 70-dən çox ölkədə 100-dən çox şirkət yer alır. ARDNF üçün belə tərəfdaşlıq yeni bazara daxil olarkən beynəlxalq təcrübədən və qlobal investisiya imkanlarından istifadə etməyə şərait yaradır.

İnfrastruktur investisiyalarında tərəfdaş seçimi xüsusilə vacibdir. Bu sahədə nəticə yalnız aktivin bugünkü vəziyyətindən deyil, onun uzunmüddətli idarə edilməsindən, bazarın inkişaf perspektivlərindən və gələcək layihələrin reallaşdırılmasından asılıdır. ARDNF-nin qlobal infrastruktur sektorunda ixtisaslaşmış investorla birlikdə hərəkət etməsi də yeni regiondakı imkanların daha sistemli qiymətləndirilməsinə imkan verir.

Latın Amerikası bazarına daxil olmaq Fondun coğrafi diversifikasiya siyasətinin məntiqi davamı kimi də qiymətləndirilə bilər. Müxtəlif regionlarda yerləşən aktivlərə investisiya qoyuluşu portfelin hər hansı bir ölkənin və ya iqtisadiyyatın vəziyyətindən asılılığını azaltmağa imkan verir. Peru investisiyası isə bu yanaşmanın infrastruktur aktivləri ilə birləşdiyi konkret nümunədir.

Peruda elektrik enerjisinə olan tələbatın artması, infrastrukturun inkişafına ehtiyac və bərpa olunan enerji layihələrinin genişlənməsi uzunmüddətli investisiyalar üçün imkanlar formalaşdırır. “Inkia Energy”nin mövcud portfelində müxtəlif enerji mənbələrinin yer alması və şirkətin inkişaf mərhələsində olan layihələrə malik olması bu imkanların yalnız cari vəziyyətlə məhdudlaşmadığını göstərir.

Bu səbəbdən “Inkia Energy”yə investisiyanın əhəmiyyətini yalnız qoyulan vəsaitin həcmi və ya əldə edilən aktivlə ölçmək düzgün olmaz. Sövdələşmənin əsas nəticəsi ARDNF-nin Latın Amerikası regionunda ilk müştərək investisiyasını həyata keçirməsi, qlobal infrastruktur sektorunda yeni tərəfdaşlıq imkanlarını genişləndirməsi və uzunmüddətli pul axınları yarada bilən strateji aktivlərə çıxış əldə etməsidir.

Daha geniş mənada isə bu investisiya ARDNF-nin qlobal investor kimi rolunun tədricən dəyişdiyini göstərir. Fondun investisiya coğrafiyası genişləndikcə qarşıya yalnız vəsaitlərin qorunması deyil, onların müxtəlif bazarlarda uzunmüddətli dəyər yaradan aktivlərə yönəldilməsi və qlobal iqtisadi proseslərdə yeni imkanların qiymətləndirilməsi məsələsi çıxır. Latın Amerikası bazarına ilk addım da məhz bu yanaşmanın nəticəsi kimi görünür.

Nəticə etibarilə, Peru investisiyası ARDNF-nin investisiya strategiyasında coğrafi baxımdan yeni səhifə açır. Fond bir tərəfdən enerji sektorunda strateji əhəmiyyət daşıyan və şaxələndirilmiş aktiv portfelinə malik şirkətə çıxış əldə edir, digər tərəfdən isə Latın Amerikası kimi yeni bazarda beynəlxalq tərəfdaşla birlikdə fəaliyyətə başlayır. Bu iki istiqamətin üst-üstə düşməsi “Inkia Energy” investisiyasını ARDNF-nin qlobal infrastruktur portfelinin genişləndirilməsi və uzunmüddətli investisiya imkanlarının artırılması baxımından əhəmiyyətli addıma çevirir.

Bu investisiyanın əhəmiyyəti ARDNF ilə məhdudlaşmır. Fondun neft gəlirlərini qlobal miqyasda gəlir yaradan real aktivlərə yönəltməsi Azərbaycanın enerji sərvətlərindən əldə olunan vəsaitlərin uzunmüddətli iqtisadi dəyərə çevrilməsinə xidmət edir. Uğurlu investisiya fəaliyyəti isə gələcəkdə Fondun ölkə iqtisadiyyatına və dövlət maliyyəsinə potensial töhfəsini artırmaqla yanaşı, Azərbaycanın maliyyə dayanıqlığının möhkəmlənməsinə də xidmət edəcək.

Daha geniş mənada, “Inkia Energy” investisiyası yalnız yeni bazara çıxış deyil, Azərbaycanın enerji gəlirlərinin gələcək üçün daha şaxələndirilmiş və dayanıqlı aktivlərə çevrilməsi istiqamətində atılan addımlardan biridir.

Emil İsmayılov ARDNF Latın Amerika Peru Inkia Energy I Squared Capital investisiya portfel enerji gəlirləri

Mənbə: apa.az

Xəbər Lenti