Bazar ertəsi, 10 Avqust, 2026
Tarix: 10 Aug 2026 12:24
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı rayonu Qalınçaq Meşəbəyliyinin 3 saylı Meşə dolayında “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda birgə praktiki təlim keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, tədbirlərdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti yerli qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən sahibkarlar və yerli sakinləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin, meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, o cümlədən sahibkarların, istirahət edən şəxslərin, həmçinin yaxınlıqda yaşayan sakinlərin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirlərdə mövzuya dair maarifləndirici çap materialları paylanılıb, cəlb olunan qurumların əməkdaşlarının iştirakı ilə meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib.
FHN meşələrdə yanğın təhlükəsizliyi praktiki təlim



Mənbə: apa.az