“Azərpoçt”un mobil tətbiqində “AZQR” ödəniş funksiyası istifadəyə verilib

“Azərpoçt”un mobil tətbiqində “AZQR” ödəniş funksiyası istifadəyə verilib

Tarix: 11 Aug 2026 12:37

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC müştərilərinə daha rahat və təhlükəsiz rəqəmsal ödəniş imkanı yaratmaq məqsədilə “AzPostMobile” tətbiqində “AZQR” funksiyasını istifadəyə verib.

“AZQR” Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının vahid standartlar əsasında həyata keçirilməsini təmin edən rəqəmsal ödəniş həllidir.

Yeni funksiya istifadəçilərə ticarət və xidmət obyektlərində, POS-terminal və kassa həllərində, eləcə də onlayn mağazalarda yaradılan QR kodları smartfon vasitəsilə skan edərək ödəniş aparmaq imkanı verir.

“AZQR” vasitəsilə ödəniş zamanı kart məlumatlarının tətbiqə və ya brauzerə daxil edilməsinə ehtiyac yaranmır. Ödəniş birbaşa istifadəçinin mobil tətbiqi üzərindən biometrik təsdiq və ya şifr vasitəsilə baş tutur. Beləliklə, istifadəçilər kart və ya pul kisəsi daşımadan ödənişlərini saniyələr ərzində həyata keçirə bilərlər.

Sözügedən funksiya ödəniş prosesinin sadələşdirilməsinə, kassalarda növbələrin azalmasına və əməliyyatların daha operativ həyata keçirilməsinə xidmət edir.

Qeyd edək ki, nağdsız ödənişlərin icrasını təmin edən “AZQR” funksiyası “Azərpoçt”a məxsus https://stamps.az/, www.smartpay.azwww.postcargo.az saytlarında da aktivdir.

APA-Economics Azərpoçt AZQR

Mənbə: apa.az

Xəbər Lenti