Çərşənbə, 19 Avqust, 2026
Tarix: 19 Aug 2026 11:26
“Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir”.
APA xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.
O bildirib ki, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mühüm proqramlardan biri qeyd olunan kateqoriyalara aid vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramıdır. Belə ki, proqram çərçivəsində indiyədək 16 mindən çox mənzil vətəndaşlara təqdim olunub.
Nazir müavini qeyd edib ki, proqramın davamı olaraq Naxçıvanda keçirilən tədbirdə daha 68 mənzil öz sahiblərinə təqdim edilib. O, həmçinin bildirib ki, şəhid ailələri və müharibə iştirakçıları üçün müxtəlif sosial dəstək tədbirləri də davam etdirilir. Onların yüksək texnologiyalı protezlərlə və avtomobillərlə təmin olunması, həmçinin reabilitasiya xidmətlərinə cəlb edilməsi istiqamətində işlər aparılır.
Hidayət Abdullayevin sözlərinə görə, artıq avtomobil proqramı çərçivəsində 7300-dən çox vətəndaş avtomobillə təmin edilib.
“Bir daha əmin etmək istərdim ki, Nazirlik tərəfindən bu proqramlar bundan sonra da tam və geniş şəkildə həyata keçiriləcək”, – nazir müavini əlavə edib.
Ceyhun Məmmədov Naxçıvan şəhid ailələri müharibə iştirakçıları ƏƏSMN
Mənbə: apa.az