Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 10:43
“myGov” platformasının istifadəçilərinin sayı 4 milyona çatıb.
“APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov jurnalistlər üçün təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda təlimdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşma istiqamətində əsas platformalardan biri agentliyin operatorluğunu həyata keçirdiyi “myGov” platformasıdır:
“Artıq bir çox dövlət xidmətlərinin rəqəmsallaşdırılaraq “myGov” platformasına gətirilməsi təmin olunur. İstifadəçilərin sayı artıq 4 milyona çatıb. Amma təqdim olunan xidmətlər yalnız "myGov" platformasından deyil, eyni zamanda ayrı-ayrı qurumlarda göstərilən xidmətlərin, ümumiyyətlə qurumlarda daxili informasiya infrastrukturlarının da rəqəmsallaşması və onların etibarlı və qanuni fəaliyyətinin təmin edilməsi bizim əsas iş prinsiplərimizdən biridir”.
Sədr bildirib ki, bu məqsədlə ayrı-ayrı dövlət qurumlarında diaqnostika və qiymətləndirmə işləri aparılır, onların rəqəmsallaşması üzrə yol xəritələri hazırlanır: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabeli bir qurum olaraq ayrı-ayrı qurumların effektiv iş mexanizmlərini həyata keçiririk və hər bir qurum üzrə biz diaqnostika və qiymətləndirmə işləri aparıb yol xəritələri hazırlayırıq və həmin yol xəritələrini də imzalayaraq, təsdiq edərək onun icrasını birgə, qarşılıqlı əməkdaşlıq çərçivəsində təmin edirik”.
İlahə Səlimova İRİA Fərid Osmanov myGovMənbə: apa.az