AQEM-in Baş katibi: Azərbaycanın sədrliyi dövründə əlaqəliliyə xüsusi diqqət yetirilib

AQEM-in Baş katibi: Azərbaycanın sədrliyi dövründə əlaqəliliyə xüsusi diqqət yetirilib

Tarix: 09 Sep 2026 10:45

Qlobal iqtisadi və texnoloji inkişafda Asiyanın çəkisi artır. Asiyanın gücü onun müxtəlifliyində, bazarlarında və əlaqə qurmaq imkanlarındadır. “APA-Economics” xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransda AQEM-in Baş katibi Kayrat Sarıbay deyib. “Limanlarımız arasında əməkdaşlığı möhkəmləndirməklə biz regional əlaqələri hər kəs üçün daha təhlükəsiz, səmərəli, davamlı və faydalı edə bilərik”, - Kayrat Sarıbay bildirib. Onun sözlərinə görə, AQEM regionu üçün limanlar yük daşınması üçün sadəcə fiziki keçid qapıları deyil, onlar dəniz marşrutlarını dəmir yolları, avtomobil yolları, hava limanları, logistika qovşaqları və sənaye zonaları ilə birləşdirən strateji düyünlərdir. Baş katib diqqətə çatdırıb ki, AQEM-in Məşvərət Qurumu kimi Davamlı Əlaqəlilik üzrə Xüsusi Şuranın yaradılması ideyası ən yüksək siyasi səviyyədə irəli sürülüb: “Bu təşəbbüsün mahiyyəti bu gün də son dərəcə aktualdır: davamlı nəqliyyat infrastrukturu, multimodal dəhlizlər, rəqəmsallaşdırılmış logistika, ekoloji cəhətdən davamlı mobillik, habelə daha rahat ticarət və tranzit axınları üzrə dialoqu və praktiki əməkdaşlığı təşviq etmək. Bu yolla nəqliyyat əlaqələri, ticarətin asanlaşdırılması və peşəkar təmaslar üzrə dialoq müxtəlif olan regionumuzda daha böyük qarşılıqlı anlaşmaya, proqnozlaşdırılmaya və ortaq maraqlara töhfə verə bilər”.

Kayrat Sarıbay vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə əlaqəliliyə xüsusi və davamlı diqqət yetirilib: “Nəqliyyat dəhlizlərinin təhlükəsiz və səmərəli sistemlərinin inkişafı üzrə prioritet sahədə etimadquruculuq tədbirlərinin koordinatoru kimi Azərbaycan AQEM-ə üzv dövlətlər arasında praktiki əməkdaşlığı təşviq etmək üçün nəzərdə tutulmuş bir sıra konfranslar, ekspert müzakirələri və digər tədbirlərin təşəbbüskarı olub və onları dəstəkləyib. Bu konfrans nəqliyyat əlaqələri sahəsində AQEM çərçivəsində artıq həyata keçirilmiş praktiki işlərə əsaslanır”.

Emil İsmayılov AQEM-in Baş katibi AQEM Kayrat Sarıbay

Mənbə: apa.az

Xəbər Lenti