Çərşənbə, 9 Sentyabr, 2026
Tarix: 09 Sep 2026 12:10
"İqlim böhranını tək bir ölkənin səyləri ilə həll etmək mümkün deyil”.
APA xəbər verir ki, bunu COP31-in icraçı direktoru Fatma Varank BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimindəki çıxışında deyib.
O, toplantının təşkilinə görə Azərbaycan hökumətinə və İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkür edib:
“Hədəflərimizlə onların həyata keçirilməsi arasındakı ən böyük çətinlik maliyyələşdirmədir. Bu boşluğu yalnız dövlət büdcələri hesabına aradan qaldırmaq mümkün deyil. Bankları, investorları və şirkətləri yaşıl transformasiyanın tam mərkəzinə dəvət edirik. Ehtiyacı olan ölkə ilə həll yolu təklif edən maliyyəni eyni körpü üzərində bir araya gətirməyi hədəfləyirik. Bu gün burada səsləndiriləcək fikirlər COP31-in fəaliyyət gündəliyini daha da irəli aparacaq. Bu böyük toplantını Avstraliya ilə çiyin-çiyinə hazırlayırıq.
COP31-in tematik gündəliyini fəaliyyət gündəliyinin prioritetləri istiqamətində açıqlamışıq. Antalyada hər bir prioritet məsələ nazirlər səviyyəsində dialoqlar, biznes müzakirələri və tərəfdaşlıqlarla bağlı elanlar vasitəsilə nəzərdən keçiriləcək. Anadoluda minilliklərə dayanan bir müdrik kəlam var - Tək daşla divar olmaz. İqlim böhranını yalnız bir ölkənin gücü ilə dayandırmaq mümkün deyil. Daşların bir-birinə sıx bağlanması lazımdır. Uğurumuzun ölçüsü bəyannamələrdə yazılan sözlərlə deyil, sahədə yaratdığımız real transformasiya ilə müəyyən olunacaq. Antalyaya yalnız daha güclü hədəflərlə deyil, bu hədəfləri həyata keçirəcək tərəfdaşlıqlar, layihələr və maliyyə ilə gedəcəyik. Birləşməklə başlayacağıq, konsensusla böyüdəcəyik, fəaliyyətlə həyata keçirəcəyik. Bir daha hamınızı noyabr ayında Antalyada keçiriləcək COP31-ə dəvət edirəm”.
Firuzə Vahid COP31-in icraçı direktoru Fatma Varank BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Dördüncü İqlim Həftəsi CW4 iqlim böhranı
Mənbə: apa.az