Çərşənbə, 9 Sentyabr, 2026
Tarix: 09 Sep 2026 11:49
“Artıq iqlim dəyişikliyinin təsirləri açıq şəkildə görünür və bu, danılmaz bir reallığa çevrilib. Bizim regionumuzda da bunun təsirlərini aydın şəkildə müşahidə etmək mümkündür”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimindəki çıxışında deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin azalması da bunun nümunələrindən biridir.
“İqlim dəyişikliyi iqtisadiyyatlara və dövlətlərə ciddi təsir göstərir. Bu reallıq iqtisadiyyatın şaxələndirilməsini və enerji dayanıqlılığının təmin edilməsini daha da aktuallaşdırır”, - Ceyhun Bayramov bildirib.
O, Azərbaycanın iqlim gündəliyi üzrə əldə etdiyi uğurları davam etdirməkdə əzmli olduğunu vurğulayıb.
“Bərpa olunan enerji mənbələrindən istifadəmizi genişləndiririk. Külək və günəş enerjisi layihələrimizi beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçiririk”, - nazir qeyd edib.
Ceyhun Bayramov xatırladıb ki, COP29-un Bakıda keçirilməsi zamanı iqlimin maliyyələşdirilməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə tarixi qərarlar qəbul edilib: “Bu qərarlar iqlim üzrə fəaliyyətlərin sürətləndirilməsinə, öhdəliklərini yerinə yetirmək istəyən, lakin bunun üçün kifayət qədər resursları olmayan ölkələrə dəstək göstərilməsinə xidmət edir”.
XİN rəhbərinin sözlərinə görə, Bakı Maliyyə Məqsədi Tərəflər arasında etimadın əsasını təşkil edən bir öhdəlik kimi lazımi qaydada yerinə yetirilməli və təmin edilməlidir: “Onun ambisiyası 300 milyard ABŞ dollarını keçməlidir. Bakı–Belem Yol Xəritəsinin də göstərdiyi kimi, iqlim maliyyələşdirilməsini 1 trilyon ABŞ dollarından artıq həcmdə səfərbər etmək mümkündür”.
Ceyhun Bayramov Azərbaycanın bu kontekstdə beynəlxalq səviyyədə nümayiş etdirdiyi liderliyinin ölkə daxilində atılan qətiyyətli addımlarla tamamlandığını bildirib: “Biz iri günəş və külək layihələrini istismara verməklə, hidroenergetikanı genişləndirməklə və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələri həyata keçirməklə bərpa olunan enerji gücümüzü artırırıq. 2030-cu ilə qədər artıq imzalanmış sazişlər əlavə olaraq təxminən 6 geqavat həcmində günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur. Bu planların həyata keçirilməsi ilə Azərbaycan 2030-cu ilədək qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılmasını nəzərdə tutan ilk qlobal razılaşmanın ambisiyasını da üstələməyə hazırdır. Biz ənənəvi enerji istehsalçılarının “yaşıl” və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirməkdə qərarlıyıq”.
Nazir bütün bu istiqamətlərin Azərbaycan Prezidenti İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslandığını qeyd edib.
Toğrul Quluzadə Ceyhun Bayramov Bakı İqlim Həftəsi COPMənbə: apa.az