Cümə axşamı, 10 Sentyabr, 2026
Tarix: 10 Sep 2026 12:21
Azərbaycan COP31 üçün uğurlu nümunədir.
APA xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində “Öhdəliklərdən icraya: İqlim-şəhər tərəfdaşlıqları vasitəsilə sağlam və dayanıqlı şəhərlər” adlı tədbirdə deyib.
O bildirib ki, şəhərlərdə iqlim fəaliyyətinin həyata keçirilməsi üçün yalnız maliyyənin mövcudluğu kifayət deyil: "Şəhərlər və regionlar üçün maliyyələşmə ölçülə bilən və proqnozlaşdırıla bilən olmalı, onların konkret ehtiyaclarına cavab verməlidir. Digər mühüm məsələ həmin maliyyəyə çıxışdır. Beynəlxalq maliyyə institutlarında resursların mövcud olması şəhərlərin və regionların bu vəsaitlərə çıxışını avtomatik təmin etmir”.
XİN rəsmisi vurğulayıb ki, maliyyələşmə milli planlar, milli inkişaf strategiyaları və hökumətlərin yerli investisiya prioritetləri ilə əlaqələndirilməlidir: “Şəhər və regionların beynəlxalq maliyyə resurslarından yararlanmaq üçün layihələr hazırlamaq imkanları və institusional potensialı da gücləndirilməlidir. Beynəlxalq tərəfdaşlar, o cümlədən beynəlxalq maliyyə institutları şəhərlərin və regionların potensialının və imkanlarının artırılmasında rol oynamalıdırlar”.
Elçin Allahverdiyev qeyd edib ki, şəhərlərin iqlim fəaliyyəti beynəlxalq platformalarda, o cümlədən COP-larda daha geniş təmsil olunmalıdır: “Şəhərlər qlobal emissiyaların 70 faizinə görə məsuldur. Buna görə də onların narahatlıqları və gözləntiləri nəzərə alınmalıdır. COP31 çərçivəsində dayanıqlı şəhərlərə verilən prioritetin bu istiqamətdə platforma daha da inkişaf etdirilməsi üçün yeni imkan yaradır. COP31-də milli planlar, maliyyələşdirmə qərarları, həyata keçirilən və həyata keçirilməsinə ehtiyac olan layihələr ətrafında müxtəlif maraqlı tərəflərin müzakirələrinin aparılması vacibdir. Azərbaycan ev sahibi ölkə olaraq bu çox mühüm elementin gündəmdə saxlanılmasında maraqlıdır”.
Firuzə Vahid COP31 XİNMənbə: apa.az