Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib

Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib

Tarix: 11 Sep 2026 11:32

"Dünyada iqlimlə bağlı müxtəlif beynəlxalq konfranslar keçirilir”.

APA xəbər verir ki, bunu COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Baku Climate Action Week 2026 (BCAW 2026) çərçivəsində SOCAR-ın təşəbbüsü ilə keçirilən “Gənc Jurnalistlərlə İqlim Məslələri üzrə Dialoq“ adlı dəyirmi masada deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində də regional iqlim konfranslarının keçirilməsi artıq rəsmi proqramın bir hissəsinə çevrilib:

“Bu konfransların əsas məqsədi COP-larda qəbul edilən qlobal qərarların regionlarda necə həyata keçiriləcəyini müzakirə etmək və onların icra mexanizmlərini müəyyənləşdirməkdir. Çünki COP daha çox qlobal danışıqlar və qərarların qəbul edildiyi platformadır. Biz London konfransının təcrübəsindən yararlanaraq ilk və ikinci iqlim konfranslarımızı keçirdik. Bu prosesdə özəl sektorun, xüsusilə də ölkəmizin aparıcı şirkətlərindən birinin dəstəyi bizim üçün çox önəmli idi. Bu dəstək sayəsində iqlim məsələlərini yalnız enerji sektoru ilə məhdudlaşdırmadan, daha geniş çərçivədə müzakirə etmək imkanı əldə etdik. Konfranslara həm ölkə daxilindən, həm də xaricdən böyük maraq göstərildi. İkinci il də çoxsaylı iştirakçıların cəlb olunması, müxtəlif mövzuların müzakirəyə çıxarılması və dövlət qurumlarının fəal iştirakı baxımından uğurlu oldu. COP zamanı bizim 14 təşəbbüsümüz var idi. Təbii ki, həmin təşəbbüslərin davamlılığını təmin etmək, onları gündəmdə saxlamaq və inkişaf etdirmək lazımdır. Bu səbəbdən həmin istiqamətlər üzrə fəaliyyətimizi davam etdiririk.

Düşünürəm ki, iki ilin uğurlu nəticəsi olaraq üçüncü ildə artıq BMT-nin özü bu təşəbbüsü öz proqramına daxil etdi. Beləliklə, Bakıda keçirilən iqlim konfransı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, yəni UNFCCC-nin rəsmi regional iqlim konfransı kimi qəbul olundu.

Bu, həm ölkəmiz, həm də region üçün mühüm nəticədir və Azərbaycanın iqlim gündəliyində fəal rolunu daha da gücləndirir”.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti