Cümə, 11 Sentyabr, 2026
Tarix: 11 Sep 2026 13:49
Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, işəgötürənlər və işaxtaran şəxslər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, məşğulluğun təmin olunması istiqamətində də tədbirlərin davam etdirildiyini bildirib.
O, əmək yarmarkalarının aktiv məşğulluq tədbirlərindən biri kimi əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində məşğulluğun təmin olunmasına fəal dəstək göstərən işəgötürənlər 4 nominasiya üzrə mükafatlandırılıb. “Azerbaijan International Mining” şirkəti, “AzCotton” MMC, “Zəfər Bağları” MMC və “Qarabağ Tekstil Evi” MMC müxtəlif nominasiyalar üzrə təltif ediliblər.
Yarmarkada dövlət və özəl sektora aid 26 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, elektrik, elektromexanik, qaynaqçı, aşpaz, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, sürücü, traktorçu-mexanizator və digər peşələr üzrə ümumilikdə 222 vakansiya təqdim olunub.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, iştirakçılara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Elgün Gəncimsoy əmək yarmarkası




Mənbə: apa.az