Şənbə, 12 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 10:11
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” HHİ 8–10 sentyabr 2026-cı il tarixlərində Daşkənddə keçirilən yüksəksəviyyəli aviasiya görüşləri çərçivəsində Avropa və Asiya aeronaviqasiya xidməti təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizliyinin Koordinasiyası Platformasının III İllik Ümumi Yığıncağına (SOCEA AGM/3) sədrlik edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, Görüşlər Avropa və Asiyanın müxtəlif ölkələrindən aeronaviqasiya xidməti təminatçılarını, eləcə də “ICAO”, “CANSO” və “EUROCONTROL”un yüksək vəzifəli şəxslərini bir araya gətirib.
“SOCEA AGM/3” çərçivəsində iştirakçılar regional hava məkanına təsir edən prosesləri, hava hərəkətinin idarə edilməsini, əməliyyat dayanıqlılığını və aeronaviqasiya xidməti təminatçıları arasında koordinasiyanın daha da gücləndirilməsini müzakirə ediblər. AZANS həmçinin cari fəaliyyət istiqamətləri, əsas nailiyyətləri və gələcək inkişaf prioritetləri barədə məlumat təqdim edib.
“CANSO Euro-Asia ANSPs’ CEO Summit 2026” çərçivəsində isə sənaye liderləri aeronaviqasiyanın gələcəyini formalaşdıran əsas məsələləri, o cümlədən hava hərəkəti axınının idarə olunması, rəqəmsal transformasiya, yeni ATM texnologiyaları və dayanıqlı inkişaf mövzularını müzakirə ediblər.
AZANS-ın “SOCEA AGM/3”ə sədrlik etməsi və “CANSO Sammiti”ndə iştirakı Azərbaycanın regional aeronaviqasiya əməkdaşlığında artan rolunu əks etdirir. Bu, ölkənin hava məkanının Avropa ilə Asiya arasında hava hərəkəti axınlarında getdikcə daha mühüm rol oynadığı bir dövrə təsadüf edir. Belə ki, 2026-cı ilin ilk yarısında Azərbaycanın hava məkanından 143,770 tranzit uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.
AZANS üçün əsas prioritet artan hava hərəkətinin təhlükəsiz, səmərəli və dayanıqlı idarə olunmasını təmin etməklə yanaşı, regional və beynəlxalq tərəfdaşlarla koordinasiyanı daha da gücləndirməkdir.
Emil İsmayılov AZCON Holding AZAL AZANS
Mənbə: apa.az