Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 10:22
“Real”ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəməli olacaq.
Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” məlumat yayıb.
Paris Apellyasiya Məhkəməsi fransalı futbolçu ilə keçmiş klubu arasındakı maliyyə mübahisəsində yeni qərar çıxarıb.
Məsələ 2024-cü ildən başlayıb. Mbappe PSJ-dən ayrıldıqdan sonra klubun ona maaş və bonus borcu olduğunu bildirib. 2025-ci ilin aprelində futbolçunun vəkilləri həmin borcun təminatı üçün PSJ-nin bank hesablarındakı 55,4 milyon avroya müvəqqəti həbs qoydurublar. Bu məhdudiyyət 45 gün – aprelin 10-dan mayın 25-dək qüvvədə qalıb.
PSJ məhkəmədə həmin müddətdə pullarından istifadə edə bilmədiyi üçün əlavə maliyyə xərcləri çəkdiyini əsas gətirib. Apellyasiya Məhkəməsi də bu arqumenti qismən qəbul edib və Mbappenin kluba 60 min avro təzminat ödəməsinə qərar verib.
Bu qərar Mbappenin PSJ-dən alacağı əsas məbləği ləğv etmir. Paris Əmək Məhkəməsi 2025-ci ilin dekabrında PSJ-ni futbolçuya ödənilməmiş maaş və bonuslara görə təxminən 61 milyon avro ödəməyə məhkum etmişdi.
Qeyd edək ki, Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib. O, 2024-cü ilin yayında azad agent kimi “Real”a keçib.
Kilian Mbappe Real PSJ təzminatMənbə: apa.az