Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 16:36
Artıq narkobaronlarla mübarizə aparmalıyıq.
APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, narkotacirlərə qarşı daha sərt qanunlar qəbul olunmalıdır: “Milli Məclis narkotik daşıyan nəqliyyat vasitələrinin dövlət büdcəsinin xeyrinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilər. Məsələn, böyük yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi olaraq ayrıca bölmələr düzəldilir və oradan 100 kiloqramlarla, tonlarla narkotik çıxır. Sonra nə baş verir? Həmin şəxslər cərimə olunur, narkotik müsadirə olunur. Onlar heç nə olmamış kimi yollarına davam edirlər. Belə olduqda, məncə, bu mübarizə o qədər də səmərəli olmur. Yük daşıyan sürücü də, nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər nəqliyyat vasitəsi narkotik ticarətində vasitə olarsa, onu itirə bilər”.
Hikmət Babaoğlu qeyd edib ki, genofondu sıradan çıxaran, Azərbaycana qarşı “tiryək müharibəsi” elan edən ölkələrlə narkokuryerlər səviyyəsində mübarizə aparmamalıdır:
“Məncə, burada bir mərhələ daha yuxarı qalxmalıyıq. Artıq narkobaronlarla mübarizə aparmalıyıq. Çünki narkotik maddələri gətirib xüsusi vasitələrlə, dronlarla sərhədimizdən keçirirlər”.
İlkin Naib Hikmət Babaoğlu Milli Məclisin deputatı narkotik narkobaronlarMənbə: apa.az