"PeşəFest-2026" başlayıb

"PeşəFest-2026" başlayıb

Tarix: 18 Sep 2026 17:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "PeşəFest-2026" layihəsinə başlanıb və layihə üzrə ilk tədbir Sumqayıt şəhərində keçirilib.

Dövlət Məşğulluq Agentliyindən APA-ya verilən xəbərə görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Səbinə Salmanova və Elnarə Akimova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zakir Fərəcov bildirib ki, Sumqayıtın sənaye potensialının genişlənməsi yeni və müasir peşələrə, ixtisaslı kadrlara olan tələbatı artırır. Bu baxımdan “PeşəFest” gənclərin əmək bazarının tələbləri barədə məlumatlandırılmaları, müxtəlif peşələrlə yaxından tanış olmaları və gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirmələri baxımından əhəmiyyətli platformadır.

Hasil Abbasov çıxış edərək, “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihə olduğunu, festivalın gənclərin və şagirdlərin peşə seçimlərinə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək verdiyini bildirib.

Milli Məclisin deputatları da çıxışlarında gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsinin, əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnmələrinin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, bu istiqamətdə həyata keçirilən layihələr, həm fərdlərin karyera imkanlarına, həm də ölkənin əmək bazarının inkişafına mühüm töhfə verir. Millət vəkilləri “PeşəFest” kimi təşəbbüslərin peşələri tanıtmaq, işəgötürənlərlə işaxtaranlar arasında əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

Növbəti “PeşəFest-2026” sentyabr ayının 22-də Quba şəhərində Heydər Əliyev parkında keçiriləcək.

Festival daha sonra 25 sentyabrda Qaxda, 28 sentyabrda Mingəçevirdə, 30 sentyabrda Gəncədə, 2 oktyabrda Qazaxda, 5 oktyabrda Bərdədə, 7 oktyabrda Saatlıda, 9 oktyabrda Masallıda, 13 oktyabrda Naxçıvanda, 15 oktyabrda Ordubadda, 22 oktyabrda isə Bakıda keçiriləcək.

“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi
"PeşəFest-2026" başlayıb
"PeşəFest-2026" başlayıb
"PeşəFest-2026" başlayıb
"PeşəFest-2026" başlayıb

Mənbə: apa.az

Xəbər Lenti