Bazar, 20 Sentyabr, 2026
Tarix: 20 Sep 2026 13:02
Bu gün Almaniyada Meklenburq-Ön Pomeraniya federal torpağında və paytaxt Berlində seçkilər keçirilir.
“Reuters” xəbər verir ki, bundan əvvəl sentyabrın 6-da Saksoniya-Anhaltda keçirilən seçkilərdə
ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası mütləq çoxluq əldə edib.
Cəmi on ildən bir qədər artıq müddətdə Almaniyada qalmaq hüququ olmayan əcnəbilərin deportasiyası üçün sərt tədbirlərin görülməsini, Rusiya ilə enerji əlaqələrinin bərpa edilməsini və avronun tərk edilməsini istəyən AfD kənarda qalmış avroskeptik hərəkatdan ölkənin ən populyar siyasi partiyasına çevrilib.
Rəy sorğuları göstərir ki, AfD-nin bu gün Meklenburq-Ön Pomeraniya və Berlində
keçiriləcək seçkilərdə Saksoniya-Anhaltdakı qələbəsini təkrarlaması ehtimalı azdır. Lakin hər iki seçkinin partiyanın son illərdə əldə etdiyi böyük irəliləyişi bir daha nümayiş etdirəcəyi və digər əsas partiyaların AfD ilə koalisiya sazişləri bağlamaqdan imtina etdiyi “siyasi sədd” strategiyası ilə bağlı yeni suallar yaradacağı gözlənilir.
Meklenburq-Ön Pomeraniyada CDU-nun seçkilərdə tarixinin ən pis nəticəsini göstərəcəyi proqnozlaşdırılır. “Forschungsgruppe Wahlen”in cümə günü açıqladığı son rəy sorğusunda partiyanın cəmi 6 faiz səs toplayacağı və əyalət parlamentinə daxil olmaq üçün tələb olunan minimum həddi keçə bilməmək təhlükəsi ilə üzləşəcəyi üzə çıxıb.
Almaniya Meklenburq-Ön Pomeraniya Berlin seçkil
Mənbə: apa.az