Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 21 Sep 2026 19:03
Vahid məktəbli forması vahid və səliqəli məktəb mühitinin formalaşmasına xidmət edir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, “Ümumi təhsil haqqında” dəyişiklik edilməsi barədə” 2026-cı il 7 iyul tarixli qanun və Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında” qərarı da bununla bağlıdır: “Vahid məktəbli formasının tətbiqi, ilk növbədə, təhsil müəssisələrində vahid və səliqəli görünüş mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Burada əsas məqsəd yalnız şagirdlərin eyni geyimdə olması deyil, məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin yaradılmasıdır. Məktəbli forması şagirdlərin gündəlik təhsil fəaliyyətinə uyğun olmalı, onların rahatlığını təmin etməli və məktəbdə ümumi nizam-intizamın formalaşmasına xidmət etməlidir.
Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir. Uşaqlar sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq eyni şərtlərdə təhsil almalı və bərabər imkanlara malik olmalıdırlar. Məktəb hər bir uşağın özünü rahat hiss etdiyi, təhsil almaq və inkişaf etmək üçün eyni imkanlara sahib olduğu mühit olmalıdır. Bu baxımdan şagirdlərin geyimlərinin onların sosial və maddi vəziyyətini nümayiş etdirən vasitəyə çevrilməsinin qarşısının alınması mühüm məsələlərdəndir.
Vahid məktəbli geyiminin tətbiqi məktəbdə şagirdlərin diqqətinin xarici görünüşdən daha çox tədris prosesinə yönəlməsinə də şərait yarada bilər. Eyni zamanda, bu, valideynlər üçün də müəyyən baxımdan rahatlıq yaradır. Çünki məktəb üçün qəbul edilmiş geyim standartının olması uşağın gündəlik olaraq məktəbə hansı geyimdə getməsi ilə bağlı əlavə seçim və müzakirələri aradan qaldırır”.
Məktəb hamı üçün neytral və inklüziv mühit olmalıdır
Ceyhun Məmmədov qeyd edib ki, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır və məktəb bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıdır: “Vahid məktəbli forması da bu yanaşmanın tərkib hissəsi kimi şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir. Məktəb müxtəlif ailələrdən, fərqli sosial təbəqələrdən gələn uşaqların bir araya gəldiyi məkandır. Ona görə də burada hər bir uşağın özünü digərindən üstün və ya aşağı hiss etməsinə səbəb ola biləcək amillərin minimuma endirilməsi vacibdir.
Şagirdlərin eyni geyimdə olması onların bir-birindən sosial və maddi imkanlarına görə fərqlənməsinin qarşısını müəyyən qədər alır. Uşaqlar eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə seçilməməlidir. Bu, onların münasibətlərinə də müsbət təsir göstərə bilər. Çünki məktəbdə uşaqların bir-birini qiymətləndirməsində əsas meyar onların geyimi və ailələrinin maddi imkanları deyil, şəxsi keyfiyyətləri, davranışları, bilikləri və bacarıqları olmalıdır.
Eyni zamanda, vahid forma şagirdlər arasında sosial-iqtisadi fərqlərin qabardılmasının və ayrı-seçkilik risklərinin azalmasına imkan yaradır. Müxtəlif imkanlara malik ailələrin uşaqları eyni məktəbli geyimindən istifadə etdikdə onların arasında sosial fərqlərin gündəlik məktəb həyatında daha az nəzərə çarpması mümkündür. Bu da məktəbdə daha sağlam sosial münasibətlərin formalaşmasına, uşaqların bir-birinə münasibətində qarşılıqlı hörmətin güclənməsinə töhfə verə bilər”.
Vahid forma məktəb kimliyini gücləndirir
Deputat qeyd edib ki, vahid məktəbli geyimi şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına da müsbət təsir göstərir: “Məktəbli geyimi məsələsinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil. Burada söhbət həm də təhsil fəlsəfəsindən və uşaqların sosial adaptasiyasından gedir. Məktəb uşağın yalnız bilik aldığı məkan deyil. Uşaq burada sosial münasibətlər qurur, kollektivdə davranış qaydalarını öyrənir, məsuliyyət hissini formalaşdırır və cəmiyyətə inteqrasiya prosesinin mühüm mərhələlərindən keçir.
Şagird özünü məktəb kollektivinin bir hissəsi kimi hiss etməli, məktəbin daxili qaydalarına və müəyyən edilmiş geyim kodeksinə riayət etməlidir. Vahid məktəbli geyimi də müəyyən mənada bu kollektivlik hissinin formalaşmasına xidmət edə bilər. Uşağın üzərindəki forma onun konkret məktəb kollektivinə aid olduğunu göstərən elementlərdən birinə çevrilir.
Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət həm şagirdlər, həm də valideynlər üçün vacibdir. Məktəbdə müəyyən edilmiş qaydalara əməl olunması yalnız müəllimlərin və məktəb rəhbərliyinin məsuliyyəti kimi qiymətləndirilməməlidir. Burada valideynlərin də üzərinə mühüm vəzifələr düşür. Uşaqların məktəbin daxili qaydalarına uyğun davranmasının təmin edilməsi məktəb-valideyn əməkdaşlığının əsas istiqamətlərindən biri olmalıdır.
Geyim kodeksinin tətbiqi də bu əməkdaşlığın güclənməsinə və təhsil prosesinin daha səmərəli təşkilinə töhfə verəcək. Məktəb və valideyn arasında bu məsələdə qarşılıqlı anlaşma olduqda qaydaların tətbiqi daha rahat və problemsiz həyata keçiriləcək. Əsas məqsəd şagirdə əlavə məhdudiyyət yaratmaq deyil, onun təhsil aldığı mühitdə müəyyən edilmiş ümumi qaydalara uyğunlaşmasını təmin etməkdir”.
Rahatlıq və praktiklik
Ceyhun Məmmədov vurğulayıb ki, məktəbli forması müəyyən edilərkən uşaqların yaş xüsusiyyətləri, rahatlığı və geyimin praktik istifadəsi əsas prinsiplər sırasında olmalıdır: “Vahid məktəbli forması müəyyən edilərkən ilk növbədə uşaqların rahatlığı nəzərə alınmalıdır. Məktəbli geyimi şagirdin gün ərzində hərəkətinə, dərslərdə iştirakına və digər fəaliyyətlərinə mane olmamalıdır. Geyimin seçilməsində uşaqların yaş xüsusiyyətləri, mövsümi şərait və praktik istifadə imkanları da diqqətdə saxlanmalıdır.
Məktəbli forması tədris prosesinə uyğun, rahat və praktik olmalıdır. Çünki şagird gününün böyük hissəsini məktəbdə keçirir və geyim onun gündəlik fəaliyyətinə birbaşa təsir edən amillərdən biridir. Buna görə də vahid forma ilə bağlı yanaşmada həm nizam-intizam, həm bərabərlik, həm də rahatlıq arasında düzgün balansın qorunması vacibdir.
Bu baxımdan vahid məktəbli geyimi yalnız xarici görünüş məsələsi deyil, həm də məktəbdə bərabərliyin, nizam-intizamın, sosial uyğunlaşmanın və sağlam təhsil mühitinin təmin olunmasına xidmət edən vasitə kimi qiymətləndirilməlidir. Əsas məsələ bu yanaşmanın şagirdlərin hüquq və maraqları nəzərə alınmaqla həyata keçirilməsi, məktəbin təhsil və tərbiyə funksiyasına xidmət etməsidir.
Məktəbli forması ətrafında formalaşan yanaşma da məhz bu prinsiplər üzərində qurulmalıdır. Məqsəd uşaqların fərdiliyini aradan qaldırmaq deyil, təhsil müəssisəsində hamı üçün ümumi və bərabər qaydaların tətbiqini təmin etməkdir. Şagirdlər məktəbdə öz bilikləri, bacarıqları və davranışları ilə fərqlənməli, onların ailəsinin sosial və maddi vəziyyəti isə məktəb mühitində üstünlük və ya fərqləndirmə amilinə çevrilməməlidir”.
Ceyhun Məmmədov vahid məktəbli geyimi
Mənbə: apa.az