Nazir: Azərbaycan kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə hazırdır

Nazir: Azərbaycan kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə hazırdır

Tarix: 25 Sep 2026 17:50

Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə hazırdır.

APA xəbər verir ki, bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal materialları və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda təşkil olunan sessiyada çıxışı zamanı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib.

Nazir qeyd edib ki, kritik mineralların məsuliyyətli idarə olunması Azərbaycanın milli iqlim gündəliyinin əsas istiqamətlərindən biridir:

“Bakıda keçirilən COP29 çərçivəsində enerji keçidi üçün zəruri olan bu mineralların gələcəyi beynəlxalq müzakirələrin mərkəzində dayanıb. Tədbir zamanı qəbul edilmiş qlobal təşəbbüslərdə, xüsusilə 2030-cu ilədək enerji saxlama gücünün altı dəfə artırılması, genişmiqyaslı elektrik şəbəkələrinin yaradılması və yenilənməsi nəzərdə tutulub”.

Rəşad İsmayılov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetləri yaşıl texnologiyalar üçün mineral hasilatı zamanı ətraf mühitə təsirin minimuma endirilməsini və təbii ehtiyatlardan səmərəli istifadənin təmin olunmasını əhatə edir.

Onun sözlərinə görə, suyun təkrar dövriyyəsi, enerji səmərəliliyi, tullantıların təhlükəsiz idarə olunması, biomüxtəlifliyin qorunması və istismar başa çatdıqdan sonra torpaqların rekultivasiyası kimi məsələlər layihələndirmə mərhələsində diqqətdə saxlanılmalıdır.

Nazir Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin mineral ehtiyatlardan səmərəli istifadə üçün yeni imkanlar yaratdığını vurğulayıb:

“Bərpa edilən və yenidən qurulan yollar, enerji və su infrastrukturu istehsal layihələrinin inkişafına möhkəm zəmin formalaşdırır. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yataqların iqtisadi dövriyyəyə cəlb olunmasına məhz bu bütöv yanaşma ilə baxırıq”.

Rəşad İsmayılov əlavə edib ki, həyata keçirilən hər bir layihə məşğulluğa və ixraca töhfə verməklə yanaşı, bərpa planları, su ehtiyatları və ekosistemlərin həssaslığı ilə uzlaşmalıdır.

“Hasil edilən mineral xammalın və emal məhsullarının dünya bazarlarına çıxarılması da mühüm şərtdir. Azərbaycanın strateji Orta Dəhliz üzərində yerləşməsi daşınma marşrutlarının şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından ölkəmizə və tərəfdaşlarımıza əlavə üstünlüklər qazandırır”, – nazir söyləyib.

O, forumda təmsil olunan şirkətləri və maliyyə institutlarını geoloji kəşfiyyat, səmərəli hasilat və təkrar emal texnologiyalarının tətbiqi, habelə mütəxəssis hazırlığı üzrə fəal əməkdaşlığa dəvət edib.

Nazir bildirib ki, beynəlxalq tərəfdaşlarla texniki əməkdaşlıq daha təmiz istehsalın təşkilinə, qabaqcıl sənaye standartlarının tətbiqinə və yerli bacarıqların inkişafına birbaşa töhfə verə bilər.

“Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə, ölkə daxilində əlavə dəyər yaratmağa və qlobal təchizatın dayanıqlılığına töhfə verməyə hazırdır. Forumdan əsas gözləntilərimiz dağ-mədən sənayesində müasir yanaşmaların tətbiqi, etibarlı və uzunmüddətli tərəfdaşlıqların qurulması, eləcə də işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bu sahəyə investisiyaların artırılmasıdır”, – Rəşad İsmayılov vurğulayıb.

Faiq Mahmudov Rəşad İsmayılov Azərbaycan kritik mineral potensialı

Mənbə: apa.az

Xəbər Lenti