- Cümə axşamı, 9 Yanvar, 2025
Tarix: 19.06.2024 16:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Səlcuq Elçin
***
15.32
Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki su bəndində boğularaq ölən şəxslərin kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.
Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15.02
Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb.
APA xəbər verir ki, meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
***
14.50
Cəlilabadda su bəndində iki nəfər boğulub. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki nəfərin çimərkən boğulduğu bildirilir. Hazırda onların axtarışları aparılır.
Fövqəladə Hallar Nazirliyi də hadisə barədə məlumat yayıb. Bildirilib ki, "112" qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.