Cümə axşamı, 1 Oktyabr, 2026
Tarix: 30 Sep 2026 16:22
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var:
- hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
- hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Layihəyə əsasən, hərbi xidmətdən buraxılmış aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sonuncu rütbəsi üzrə qanunla müəyyən edilmiş dinc dövrdə xidmətdə olmağın son yaş həddinə çatdığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olacaq:
- hərbi xidmətdən buraxılanadək 25 təqvim ili (2024-cü ilin 1 yanvar tarixinədək azı 17 təqvim ili xidmət etmiş və 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək buraxılmış hərbi qulluqçulara münasibətdə 20 təqvim ili) və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
- hərbi xidmətdən buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər.
Hazırda hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş və hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər, o cümlədən zabit heyətinə aid şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir.
Layihəyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası, həmçinin aylıq pensiya əlavəsi hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunacaq.
Hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş və hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər, o cümlədən zabit heyətinə aid şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə, aylıq pensiya əlavəsinin isə sonuncu rütbəsinə görə yenidən hesablanmasına yol verilməyəcək.
əmək pensiyası hüququ yaranan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sistemində xidmət etmiş hərbi qulluqçuların yaşa və əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğinin hesablanması üçün hərbi qulluqçunun xidmət dövrü ərzində məcburi dövlət sosial sığortasına cəlb olunmalı gəlirləri barədə məlumatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Firuzə Vahid rütbə pensiya pensiya yaşıMənbə: apa.az