Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 05 Oct 2026 15:40
Ermənistan-Azərbaycan sərhədində dağ-mədən sənayesi davam edir.
APA xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində bildirib.
O bildirib ki, ekoloji baxımdan ciddi narahatlıq doğuran məsələlərdən biri Ermənistanın Cermuk şəhəri yaxınlığında yerləşən Amulsar qızıl mədəninin istismarıdır: “Transsərhəd təsirlərinin qiymətləndirilməsi ilə bağlı Konvensiyanın öhdəliklərinə əsasən, Ermənistan bu fəaliyyətlə əlaqəli qonşu ölkələrin istər cəmiyyətlərinə, istərsə də hökümətlərinə fəaliyyətlərinin ətraf mühitə təsiri ilə bağlı hesabat təqdim etməlidir. Lakin Ermənistan tərəfi bununla bağlı heç bir hesabat təqdim etməyib. Bu sənayenin tullantıları qrunt suları vasitəsi ilə trassərhəd çaylarına tökülür və digər ölkələrin ekologiyasına ziyan vurur. Hətta Ermənistanda yerli əhali və bir neçə Qeyri Hökumət Təşkilatları bununla bağlı etiraz aksiyası keçirərək yolu bağlamış və hökumətdən hesabat tələb etmişdilər. Ancaq bundan sonra həmin təşkilatlar Ermənistanda Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham edilib”.
O bildirib ki, bu kimi hallar təəssüf ki, indiyədək də davam etməkdədir və Ermənistan hökuməti hələ də bu fəaliyyətlərlə bağlı heç bir hesabat təqdim etməyib: “Biz koalisiyanın hər bəyanatında və brifinqdə bu məsələni daim gündəlikdə saxlayırıq. Ermənistan hökuməti ESPO Konvensiyasının tələblərinə uyğun olaraq dağ-mədən sənayesi fəaliyyəti ilə bağlı ekoloji təsirin qiymətləndirilməsi hesabatlarını təqdim etdirməlidir”.
Günay ElşənMənbə: apa.az