Bazar, 11 Oktyabr, 2026
Tarix: 11 Oct 2026 09:36
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı bu gün qarışıq komanda yarışı ilə başa çatacaq.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq səkkizinci yarış günündə 18 ölkədən 192 cüdoçu mübarizə aparacaq.
Görüşlər 6 çəki dərəcəsində – kişilərdə -73 kq, -90 kq və +90 kq, qadınlarda isə -57 kq, -70 kq və +70 kq çəkilərdə keçiriləcək.
Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Bu görüşdə qələbə qazanacağı təqdirdə millimiz növbəti mərhələdə Yaponiya seçməsi ilə qarşılaşacaq.
Yığmamızın heyətində qadınlardan Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (-57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (-70 kq), həmçinin Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (-73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (-90 kq), eləcə də Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) komandamızın heyətinə daxil ediliblər.
Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə ilə – 7 medalla başa vurub. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan millisi cüdo dünya çempionatı Bakı qarışıq komanda yarışı Milli Gimnastika Arenası Azərbaycan cüdoçuları Avstriya millisi Yaponiya millisi Zelim Kotsoyev Zelim Tçkayev Uşanqi Kokauri Əhməd Yusifov Beynəlxalq Cüdo Federasiyası idman medal cüdo üzrə dünya çempionatıMənbə: apa.az