Bazar ertəsi, 12 Oktyabr, 2026
Tarix: 12 Oct 2026 12:21
Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarları çox vaxtında verilmiş bir qərardır.
Bunu APA-ya açıqlamasında Atatürk Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov deyib.
O bildirib ki, məktəbli forması ilə bağlı vaxtı ilə yaxşı təcrübə var idi: “Amma çox təəssüf ki, məktəbli formalarının tikilməsi və satılması, məktəblərə paylanması ilə bağlı çox ciddi problemlər yarandı. Məktəbli formasının necə olması, formanın kim tərəfindən tikməsi, çatdırılması kimi məsələlər müzakirə olundu, amma əsas məsələ kənarda qaldı. Doğrudan da, ən azından iki cəhətə görə məktəbli formasına bu gün ehtiyac var. Birincisi, bu gün Azərbaycanda ciddi sosial təbəqələşmə var. Təsəvvür edin ki, onların sosial durumu geyimlərində əksini tapır. Bu necə ola bilər? O uşaqlar bir sinifdə oxuyurlar. Belə olarsa, sinif, kollektiv əhvalı, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz. Müəllim bir şey deyəcək, uşaqlar tamamilə başqa bir şey danışacaqlar, öz münasibətləri ilə ayrı bir mühit yaradacaqlar və bu da ciddi problem olacaq”.
Akademik məktəbli qızların geyimi ilə bağlı məsələyə münasibət bildirib:
“Digər məsələ tərəf qızların geyimi ilə bağlıdır. Burada paradoksallıq var. Xüsusilə yeniyetmə yaşına çatanda bəzi orta məktəblərdə qızlar müəyyən uyğun olmayan tərzdə geyinirlər. Sonradan bu, universitetlərə gəlib çıxır. Amma orta məktəblərdə valideyn nəzarəti daha çoxdur. Ya uyğunsuz geyinirlər, ya da dini formada dərsə gəlirlər. Hələ dünyagörüşü formalaşmamış uşağın bunu geyinməsi o deməkdir ki, bu ya ailədən gəlir, ya da uşaq kiməsə baxıb təqlid edir, görür, xoşuna gəlir, başlayır həmin cür geyinməyə. Yəni bu, nəticə etibarı ilə, yaxşı əhvali-ruhiyyə yaratmır. Həm də dini ibadət, geyim, özünü təqdim etmə fərdi hadisədir. Yəni sən buna fərdi olaraq əməl edə bilərsən. Amma kollektivdə, cəmiyyətdə bu, istər-istəməz ictimailəşir. Belə gedişat isə doğru-düzgün tərbiyə sisteminə gətirib çıxartmır. Biz dünyəvi dövlətdə yaşayırıq. Ona görə də təhsildə hər şey – geyimdən başlamış təlim-tərbiyəyə qədər bir-birinin tərkib hissələridir. Bunlar dünyəvi olmalıdır. Ona görə də məktəblərdə vahid geyim forması çox düzgün bir qərardır və buna əməl etmək lazımdır. Həm də bu artıq bizim illərlə qazandığımız təcrübədir. Cəmiyyəti bu şəkildə pərakəndə buraxmaq, özü də bunu uşaq dünyagörüşünə etibar etmək, uşaqlardan sui-istifadə etmək bağışlanmaz bir şeydir”.
Nizami Cəfərov qeyd edib ki, dünyagörüşü formalaşmamış uşaqları valideyn təsiri ilə qeyri-vahid formada məktəbə yollamaq olmaz:
“Bu paltar məsələsi sadəcə texniki bir geyim söhbəti deyil. Həm də bu nəticə etibarilə gətirib çox ciddi problemlərə çıxara bilər. Eyni zamanda hələ özü nə üçün bu geyimi geyindiyini bilməyən, bunu ancaq bir sıra hallarda dekorasiya kimi başa düşən, bundan zövq alan bir nəsil yetişir və o nəsil başqalarına da təsir göstərir. Ona görə də həssas olmaq lazımdır. Yəni hər iki məsələdə, həm sosial tərəfdən, həm bu mənəvi, dini dünyagörüşü tərəfdən vahid məktəbli formalarının olması çox vacibdir. Ona görə də Nazirlər Kabinetinin qərarına əməl etmək lazımdır”.
Nizami Cəfərov akademik məktəb geyimMənbə: apa.az