Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 12 Oct 2026 16:09
Məktəbdə sosial balansın qorunması vacibdir.
Bunu APA-ya açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib.
Onun sözlərinə görə, məktəblərdə vahid məktəbli formasının tətbiqi tarixən mövcud olub.
“Mən məktəbdə oxuduğum zaman da hamı eyni geyimdə olurdu. Burada nə qəbahət var ki? Mənim fikrimcə, uşaqlar vahid forma geyinməlidirlər. Mən özüm də müəllim olmuşam. Elə müəllimlər var idi ki, qızıl taxıb sanki özlərini göstərməyə çalışırdılar. Halbuki məktəbdə gözəl bir sosial balansın qorunması vacibdir. Mən məktəbdə oxuyanda ailəmiz ən kasıb ailələrdən biri idi. Atam İkinci Dünya müharibəsində həlak olmuşdu. Biz çox çətin şəraitdə yaşayırdıq. Ətrafımda elə uşaqlar görürdüm ki, məktəbə bahalı geyimlərdə gəlirdilər. Axı belə bir fərqin nümayiş etdirilməsinə nə ehtiyac var? İndi düşünün, uşaqlar bütün bunları görüb başqalarına bənzəməyə çalışırlar, özlərini onlarla müqayisə edirlər”, - Aydın Kazımzadə vurğulayıb.
O qeyd edib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, Konstitusiyada onun dünyəvi dövlət olduğu təsbit edilib.
“Bu gün Azərbaycanda həllini gözləyən çox vacib məsələlər var və bunlar müzakirə olunur. Bu, yaxşı haldır. Amma elə məsələlər də var ki, düşünürəm, onlara müdaxilə etmək lazım deyil. Əminəm ki, bu, xaricdən gələn bir müdaxilədir”, - Aydın Kazımzadə əlavə edib.
Əməkdar incəsənət xadimi kinoşünas Aydın KazımzadəMənbə: apa.az