Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 13:40
Azərbaycanda dini etiqad azadlığının təmin olunması üçün bütün şərait yaradılıb. İnsanlar dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Ölkəmizdə hicab və niqabdan istifadəyə hər hansı qadağa tətbiq edilmir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, bir sıra ölkələrdə dini geyimlərlə bağlı fərqli yanaşmalar mövcud olsa da, Azərbaycanda bu sahədə tam sərbəstlik təmin edilib.
“İstər dövlət, istərsə də qeyri-dövlət qurumlarında hicablı insanlar çalışırlar və onlara hər hansı məhdudiyyət tətbiq olunmur. Burada söhbət yalnız məktəblərdən, şagirdlərin və müəllimlərin geyim qaydalarından gedir. Müəllimlər və şagirdlər müəyyən edilmiş norma və qaydalara əməl etməlidirlər. Bu gün məktəbə qısa ətəklə, uzun dırnaqlarla, rəngli saçlarla, idman və digər uyğun olmayan geyimlərlə gəlməyə də məhdudiyyətlər tətbiq olunur. Yəni burada dinə və dini dəyərlərə qarşı hər hansı hücumdan söhbət gedə bilməz”, deyə o. əlavə eidb.
Ceyhun Məmmədov vurğulayıb ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqi bərabərliyin təmin edilməsinə, ayrı-seçkiliyin aradan qaldırılmasına və şagirdlərdə məktəbə aidlik hissinin formalaşdırılmasına xidmət edir: “Bu baxımdan, həmin addımları guya Azərbaycanda İslam dininə qarşı mübarizə aparılması kimi təqdim etmək tamamilə əsassızdır. Belə iddiaların heç bir əsası yoxdur və qəbuledilməzdir. Bu, sırf məktəblərdə geyim qaydalarının tətbiqi ilə bağlı məsələdir”.
Deputat bildirib ki, Azərbaycanda dini dəyərlərin qorunmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir: “Prezident İlham Əliyev tərəfindən din sahəsinə böyük diqqət və qayğı göstərilir. Qarabağda yeni məscidlər inşa olunur, mövcud məscidlər bərpa edilir. Ölkəmiz İslam həmrəyliyinə böyük töhfələr verir və İslam ölkələrini dəstəkləyir. Azərbaycan bu gün İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Eyni zamanda, təşkilatın Parlament İttifaqının fəaliyyətində də mühüm rol oynayır. Bütün bunlar göstərir ki, Azərbaycan İslam dünyasında gedən proseslərdə fəal iştirak edir və öz sözünü deyir”.
Ceyhun Məmmədov bir daha vurğulayıb ki, məktəblərdə geyim qaydalarının tətbiqinin dini etiqad azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməsi doğru deyil: “Burada dinə, dini ayinlərin icrasına, insanların dini inanc və etiqadına qarşı hər hansı qadağadan söhbət getmir”.
Ceyhun Məmmədov dini etiqad azadlığı hicab və niqab vahid məktəbli forması məktəblərdə geyim qaydaları dünyəvi təhsil dini dəyərlər İslam dini dini azadlıqlar Azərbaycan Milli MəclisiMənbə: apa.az