Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 13 Oct 2026 13:09
44 günlük Vətən müharibəsindən 6 il ötür. Vətən müharibəsi iştirakçısı Faiq Əliyev öz döyüş xatirələrini APA ilə bölüşüb.
Mayor Faiq Əliyev Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaətinə görə "Qarabağ" ordeninə və "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta bölmə komandiri təyin olundum
– Hərbçi olmaq çətindir, məsuliyyətlidir. Bu yolu necə seçdiniz?
– Atam hərbçi olduğu üçün uşaqlıqdan hərbiyə marağım var idi. Bunun üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut – red.) bitirdikdən sonra leytenant hərbi rütbəsində xidmətə başladım. Təyinatla N saylı hərbi hissəyə göndərildim. 3-4 aydan sonra aidiyyəti üzrə rəhbərliyə məruzə etdim və öz istəyimlə ön cəbhədə yerləşən hərbi hissəyə göndərilməyimi istədim. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta bölmə komandiri təyin olundum. Orada 6 ay xidmət edirdim ki, Aprel döyüşləri başladı. Üzərimə düşən vəzifələri, döyüş tapşırıqlarını yerinə yetirdim. Həmin vaxt leytenant rütbəsində xidmət edirdim. Sonra kəşfiyyat bölüyündə xidmət etdim. Oradan N saylı hərbi hissənin döyüş hazırlığı bölməsinə köməkçi göndərildim. Uzun müddət orada xidmət etdim. Bu, məsuliyyətli vəzifə idi. Hərbi hissələrə gedərək hərbi qulluqçulara silahla davranış qaydalarını, atış bacarıqlarını öyrədir, bir sözlə, onların döyüş qabiliyyətinin yüksəldilməsi üçün işlər görürdük. Müharibə başlayan ərəfəsində N saylı hərbi hissənin döyüş hazırlığı bölməsində köməkçi vəzifəsində, baş leytenant rütbəsində xidmət edirdim. Kəşfiyyat bölüyünə qoşuldum və müharibənin bütün günlərində iştirak etdim.
“Milli Qəhrəman Polad Həşimovun postu”ndan düşmənin “xarabalıqlar” adlandırdığı əraziyə artilleriya dəstəyi ilə basqın əməliyyatı həyata keçirildi. Həmin istiqamətdə qarşı tərəfin sayı bizdən çox olsa da, onların müqavimətini qırdıq və düşmən geri çəkildi. Biz daim irəliləyirdik. Oktyabrın 3-də Suqovuşanı azad etdik. Həmin əməliyyatda döyüş yoldaşlarımız şəhid oldu, qazi oldu. Bizə tapşırıqlar verilirdi. Tapşırıqları yerinə yetirib geri qayıdır, yeni əməliyyat planını tərtib edirdik. Geri qayıtdıqdan sonra Ağdərə istiqamətində irəlilədik. Düşmənin əlaqə yolunu kəsdik və onları geri çəkilməyə məcbur etdik. Düşmənin ehtiyat qüvvələrini aldatdıq. Snayper düşmənə sarsıdıcı zərbələr vurdu.
– Hərbi qulluqçularımızın psixoloji vəziyyəti necə idi?
– İlk gün vəziyyət tamamilə başqa idi. Elə şəxsi heyət var idi ki, döyüş görməmişdi. Sonrakı günlərdə isə döyüş bizim üçün adi gün kimi keçirdi. Tapşırıq verilirdi, icra edirdik və növbəti tapşırığı gözləyirdik.
Suqovuşan və Ağdərə istiqamətlərində bir dəfə gözümdən, bir dəfə də qolumdan xəsarət almışam
– Siz döyüşlər zamanı iki dəfə yaralanmısınız. Bu, hansı əməliyyatların icrası zamanı baş verib?
– Mən 44 günlük Vətən müharibəsinin bütün 44 günündə iştirak etmişəm, əməliyyatları icra etmişəm. İki dəfə yaralanmışam. Suqovuşan və Ağdərə istiqamətlərində bir dəfə gözümdən, bir dəfə də qolumdan xəsarət almışam. Xəstəxanaya yerləşdirilsəm də, elə həmin gün oradan çıxaraq döyüşlərə qatılmışam.
– Ən ağır tapşırığımız düşmənin 23 kilometr dərinliyində olub.
– Düşmənin ehtiyat taborunun yoluna mina basdırmalı, onları pusquya salaraq darmadağın etməli, sonra isə geri qayıtmalı idik. Bu yolun relyefi çox çətin idi. Çaylardan, sıldırım qayalardan və meşələrdən keçmişdik. Biz düşmənin 2-10 kilometr dərinliyinə enmişdik, amma 23 kilometr dərinliyə getməmişdik. Artilleriya mərmisinin hücumu zamanı xəsarət aldım. Əməliyyat yerindən döyüş mövqeyimizə xərəkdə qayıtmalı oldum. Lakin ərazinin çətin relyefli hissələrində xərəkdən düşüb özüm hərəkət etməyə çalışırdım ki, şəxsi heyətə yük olmayım.
Düşməndən ələ keçirdiyimiz bəzi silahlardan elə onların özünə qarşı istifadə edirdik
– Siz özünüz də gənc idiniz, böyük məsuliyyət daşıyırdınız. Bir gözünüz döyüşdə, bir gözünüz şəxsi heyətdə idi. Şəxsi heyətlə hansı söhbətləri edirdiniz?
– Mənim Aprel döyüşlərindən təcrübəm var idi. Həmin təcrübələri şəxsi heyətlə bölüşürdüm. Döyüşçü yetişdirmək asan deyil, çox çətin məsələdir. Onlara silahların funksiyaları və taktiki xüsusiyyətləri öyrədilirdi. Təkcə fərdi silahların deyil, bütün silahların texniki-taktiki xüsusiyyətlərini öyrədirdik ki, istənilən silahdan düşmənə qarşı istifadə etməyi bacarsınlar. Bu da öz nəticəsini verdi. Düşməndən ələ keçirdiyimiz bəzi silahlardan elə onların özünə qarşı istifadə edirdik.
– Müharibə zamanı insanlar orduya dəstək göstərir, səfərbərliyə müraciət edir, mənəvi dəstək göstərirdilər. Bu, sizə necə təsir bağışlayırdı?
– Biz bir yerdən başqa yerə kolon şəklində hərəkət edəndə xalqı görürdük. İnsanlar bizi sevinclə, dualarla yola salırdılar. Bu, bizim üçün qürurverici idi. Bizə xoş təsir bağışlayır, mənəvi dəstək verir və yüksək psixoloji ruh yüksəkliyi yaradırdı.
– Müharibə zamanı hərbi qulluqçular öz yaxınları ilə necə əlaqə saxlayırdılar?
– Mən özüm hərbçi ailəsində anadan olmuşam. Atam 30 il hərbçi kimi xidmət edib. Ailədə dörd oğlan olmuşuq. Mən, böyük və üçüncü qardaşım da hərbçi olub. Atam və hərbçi qardaşımla reallığı danışırdım. Ailəmlə danışanda isə deyirdim ki, hələ ehtiyatdayıq, döyüşmürük.
– Azad etdiyiniz ərazilərdə yaşayış məntəqələrinə daxil olarkən diqqətinizi nə çəkirdi? Orada sizə qarşı hansısa tələlər qurulmuşdu?
– Biz döyüş tapşırığını yerinə yetirməyə gedərkən düşmən tərəfindən yol kənarına qoyulmuş əşyalara, çantalara rast gəlirdik. Şəxsi heyətə onlara toxunmamağı tapşırmışdıq. Çünki bunlar tələ də ola bilərdi.
Səkkiz ermənini əsir götürdük
– Düşmən geri çəkiləndə minaları basdırmağa vaxt tapmamışdı.
– Biz yolla hərəkət edərkən torpağa basdırılmamış minalara da rast gəlirdik. Düşmən geri çəkilərkən minaları basdırmağa belə vaxt tapmamışdı. Biz bunu da nəzərə almışdıq. Adətən əməliyyatları səhərə yaxın, saat 3-4 radələrində yerinə yetirirdik. Hava qaranlıq olduğundan düşmən bizi görmürdü. Qrup üzvlərindən biri yaxınlıqda yaşıl rəngli binanın olduğunu və orada şübhəli hərəkətlər müşahidə etdiyini, kiminsə ola biləcəyini bildirdi. Biz ora getdik. Rabitə vasitəsilə əlaqə saxlanılaraq binadan səslərin gəldiyi bildirildi. Müşahidə zamanı məlum oldu ki, orada düşmən var.
Qrup üzvləri binanın yaxınlığında rus dilində danışmağa başladılar. Həmin binadakı ermənilər çölə çıxdılar və biz səkkiz ermənini əsir götürdük. Əgər onları sezməsəydik və əsir götürməsəydik, onlar bizim hərəkətlərimiz barədə məlumat verə bilərdilər. Biz Talış və Suqovuşan istiqamətində hərəkət edərkən orada mülki əhali yox idi, yalnız düşmən hərbçiləri var idi. Məqsədimiz düşməni məhv edərək torpaqları işğaldan azad etmək idi. Bir əməliyyat zamanı hərbi qulluqçumuz düşməni əsir götürmək üçün irəlilədi. Aralarında atışma oldu və hərbi qulluqçumuz şəhid oldu. Həmin hadisədən sonra qarşımıza çıxan düşmən hərbçilərini məhv edirdik. Onların bizə etdikləri gözümüzün qarşısında idi.
– Relyef baxımından azad edilməsi ən çətin ərazi hara oldu?
– Relyef baxımından ən çətin ərazi Suqovuşan oldu. Düşmən yüksəklikdə, biz isə aşağıda idik. Çətin döyüş oldu. Şəhid verdik, yaralılarımız oldu. Əsas çətinliyimiz yüksəkliyi ələ keçirmək idi.
– Müharibənin qələbə ilə başa çatacağını nə vaxt hiss etdiniz?
– Döyüşlərin başlanmasından 2-3 gün keçmişdi. Mən anladım ki, qələbə artıq bizimdir. Çünki bir gün ərzində iki yüksəklik azad edilir, sürətlə irəliləyir, əraziləri ələ keçirir, pusqular qurur, düşmənin arxasına keçərək əməliyyatlar həyata keçirirdik. Onlar isə yalnız geri çəkilirdilər. Düşmənə mühəndis-istehkam işləri aparmağa, əraziləri minalamağa imkan vermirdik.
– Zəfər xəbərini eşidəndə necə qarşıladınız? Yadınızda necə qalıb?
– Tapşırıq almışdıq. Onu icra etməyə hazırlaşırdıq. Tapşırıq saat 4-də yerinə yetirilməli idi. Artıq saat 3 idi. Bizə dedilər ki, qalib gəlmişik. Sevindik. Bu hissi sözlə ifadə etmək mümkün deyildi. Dostlarımız var idi ki, həmin xəbəri eşidəndə yanımızda deyildilər. Çox istərdik ki, onlar da bizim yanımızda olsunlar.
2023-cü ildə lokal antiterror əməliyyatında mənim bir bölüyümlə Kəlbəcərdən Ağdərə-Xankəndi istiqamətində hücum əməliyyatı oldu
– Qələbə qazanıldıqdan sonra xidmətinizi harada davam etdirdiniz?
– Biz olduğumuz mövqeləri təhvil verib geri çəkildik. Fəaliyyətimiz Suqovuşanın mühafizəsini və müdafiəsini təşkil etməkdən ibarət idi. Taktiki atış təlimlərini davam etdirirdik. Səkkiz aydan sonra təyinat əmrim gəldi və xidmətimi başqa hərbi hissədə davam etdirdim. 2021-ci ildə N saylı hərbi hissəyə təyinat aldım. 2022-ci ilin sentyabrında “Qisas” əməliyyatı zamanı Qazax və Tovuz istiqamətlərində hər hansı təxribatın və hücumun qarşısını almaq üçün hazır vəziyyətdə idik. Bir müddətdən sonra təlimlərimiz, Vətən müharibəsində, “Qisas” əməliyyatındakı təcrübəmizi yeni sistemdə, hava məkanında üstünlük, yeni qaydalarla şəxsi heyətə müasir döyüş taktikalarını keçməyə başladıq. 2023-cü ildə lokal antiterror əməliyyatında mənim bir bölüyümlə Kəlbəcərdən Ağdərə-Xankəndi istiqamətində hücum əməliyyatı oldu. Biz hazır idik. Biz tapşırığı 23 saat həyata keçirdik. Günorta başladıq, axşam saatlarında düşmənin bəzi hərbi hissələrini mühasirəyə aldıq.
2023-cü ildə əməliyyatda iştirak daha rahat idi. Həm ərazini tanıyırdıq, həm müasir silahla təmin olunmağımız, həm də 44 günlük Vətən müharibəsində təcrübə kömək edirdi.
– Döyüşlər zamanı torpaqların işğaldan azad edilməsində iştirak etdiyiniz ərazilərə sonradan hərbçi kimi yox, vətəndaş kimi getmək necə hissdir?
– Döyüşlər zamanı baş verən hadisələr, şəhid yoldaşlarımız və bəzi döyüş kadrları yaddaşıma həkk olunub, heç vaxt yadımdan çıxmayacaq. Orada addım atanda həmin xatirələr, döyüş səhnələri gözümün önündə canlanır. İndi həmin ərazilərə Böyük Qayıdış baş verir, orada yaşayış var. Təbii ki, bütün bunlar Ali Baş Komandanın rəhbərliyi altında baş verib.
– Şəxsi heyətlə söhbət zamanı onlara nə məsləhət görürsünüz?
– Hərbçi olmaq asan deyil, bu formanı geyinmək çox çətindir. Mən həmişə onlara demişəm ki, bir-birinizlə yaxın olun, dost olun. Bir baxışdan bir-birinizi başa düşün, səbirli və dürüst olun.
– Hərbiyə marağınız atanızın hərbçi olmasından qaynaqlanır?
– Atam hər səhər yuxudan durub üzünü qırxır, botinkalarını təmizləyir, həvəslə xidmətə gedirdi. Məni bir neçə dəfə xidmət yerinə aparmışdı. Oranı gördükcə hərbiyə marağım daha da artırdı. İki qardaşım da hərbçi olub. Böyük qardaşım Hərbi Dəniz Qüvvələrində, digər qardaşım isə Dövlət Sərhəd Xidmətində xidmət edir. Böyük qardaşım da Qubadlı-Zəngilan istiqamətində döyüşüb. Bir-birimizlə əlaqə saxlayırdıq. Mənə mənəvi dəstək olurdu. Döyüşdə hər şey ola bilərdi. Biz də bununla barışmışdıq. Döyüş tapşırığı icra edilməli idi və biz də bunu edirdik. Komandirin məsuliyyəti daha çoxdur. Şəxsi heyəti qorumalı idik.
– Evə qayıdanda atanızın ilk reaksiyası necə oldu?
– Atam məni ilk görəndə kövrəldi. Mənə fəxr etdiyini dedi. Böyük qardaşım isə sonra gəldi. Biz geri qayıtmaya da bilərdik. Mən döyüş iştirakçısıyam. Bu, mənim üçün böyük təcrübədir.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP
İlkin Naib Vətən müharibəsi Mübariz İbrahimov Polad Həşimov Qisas əməliyyatı antiterror əməliyyatı Hərbi Dəniz Qüvvələri Qarabağ ordeni Suqovuşanın azad olunmasına görə medalı Zəfər günüMənbə: apa.az