Şabranda yol qəzasında Gömrük Komitəsinin bir əməkdaşı ölüb, digər əməkdaşları xəsarət alıb - YENİLƏNİB-1

Tarix: 01.07.2024 12:11

Bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində DGK əməkdaşı Vahid Əmirli dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, digər əməkdaşlar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və hazırda onların müalicəsi davam etdirilir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi dünyasını dəyişən əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verib: "Dövlət Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərliyi əməkdaşların ailələri ilə əlaqədədirlər və bütün zəruri tədbirlər həyata keçirilir".

***

09.58

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 30 yaşlı Vahid Əmirli hadisə yerində ölüb. Paytaxt sakinləri, 36 yaşlı Pəri Vəliyeva, 29 yaşlı Seyidağa Səmədov və 40 yaşlı İlqar Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

***

09:16

Şabranda yol qəzası olub, 1 nəfərin meyiti çıxarılaraq təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şabran rayonunun Dəvəçi kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.