Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 15 Oct 2026 16:09
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş olub.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Bildirilib ki, nümayəndə heyətinə Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel, Komitənin vitse-prezidenti Nataliya Novikova, habelə Türkiyə, Rusiya, Macarıstan, İspaniya və s. ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri daxildir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası isiqamətində aparılan ardıcıl işlər barədə məlumat verib.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatının təməli qoyulub və 1996-cı ildə Milli Paralimpiya Komitəsi yaradılıb. Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial rifahının təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, paralimpiyanın inkişaf etdirilməsi mühüm yer tutur.
Görüşdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, inklüziv cəmiyyətin inkişafına xidmət edən layihə və təşəbbüsləri barədə məlumat verilib. Azərbaycan paralimpiyasının keçdiyi inkişaf yolu, əldə etdiyi tarixi nailiyyətlər diqqətə çatdırılıb.
Son illərdə ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlardan bəhs olunub, əlilliyi olan şəxslərlə bağlı icra olunan məşğulluq proqramları qeyd edilib. Bu sahədə fəaliyyətin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu bildirilib. Nazirliyin tabeliyindəki Sumqayıt Paralimpiya İdman Kompleksində idmançıların hazırlığı üçün aparılan işlərdən bəhs olunub.
Qonaqlar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, bərabər imkanların və inklüziv dəyərlərin təşviqinin mühüm vasitəsi olan paralimpiya hərəkatının ölkəmizdə daim inkişaf edərək genişlənməsi üçün aparılan işlər barədə müsbət fikirlərini bölüşüblər.
Görüş Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi, birgə təşəbbüslərin, layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə davam edib.
Günay Elşən ƏƏSMN Milli Paralimpiya Komitəsi

Mənbə: apa.az