“Bitcoin”in qiyməti 82 min dollara yaxınlaşıb

“Bitcoin”in qiyməti 82 min dollara yaxınlaşıb

Tarix: 16 Oct 2026 08:32

Kriptovalyuta bazarında əvvəlki gün müşahidə olunan kəskin ucuzlaşmadan sonra qiymətlərin bərpası qeydə alınıb. Əsas rəqəmsal aktivlərin hamısı son sutka ərzində bahalaşıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,11% artaraq 81 946,08 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyuta son 7 gündə 0,61% ucuzlaşıb, son 30 gündə isə 7,97% bahalaşıb.

“Ethereum” 2,95% bahalaşaraq 2 438,92 dollara, BNB 1,56% artaraq 727,82 dollara, “Zcash” isə 9,89% yüksələrək 1 209,42 dollara çatıb.

Digər kriptovalyutalarda da ciddi artım qeydə alınıb. “Monero” 3,18% bahalaşaraq 560,17 dollara, “Bitcoin Cash” 5,19% artaraq 276,48 dollara, “Bittensor” isə 8,95% yüksələrək 285 dollara çatıb.

Qızıl əsaslı kriptovalyutalar da bahalaşıb. “PAX Gold” (PAXG) 0,75% artaraq 4 173,65 dollara, “Tether Gold” (XAUT) isə eyni nisbətdə yüksələrək 4 166,68 dollara çatıb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,70% artaraq 166,64 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,65 trln. dollara yaxınlaşıb.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəliş əvvəlki günlərdə baş verən kəskin ucuzlaşmadan sonra investorların aşağı qiymətlərlə alışa üstünlük verməsi və satış təzyiqinin qismən zəifləməsi ilə əlaqələndirilə bilər. Bununla belə, bir sıra əsas kriptovalyutaların həftəlik göstəricilərinin mənfi qalması bazarda tam bərpanın hələ baş vermədiyini göstərir.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti