Cümə, 16 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 20:06
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş “Vaqif” operası nümayiş olunub.
APA xəbər verir ki, tədbirdə çıxış edən akademik, Milli Məclis Sədrinin müavini Rafael Hüseynov bəstəkar, Xalq artisti Ramiz Mustafayevin Azərbaycan musiqi tarixindəki xüsusi rolundan və zəngin yaradıcılıq irsindən danışıb. O, Ramiz Mustafayevin 100 illik yubileyi münasibətilə məhz bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Vaqif” operasının səhnəyə qoyulmasının mərhum sənətkarın xatirəsinə dərin ehtiramın və onun sənət irsinə verilən yüksək qiymətin ifadəsi olduğunu vurğulayıb.
İki pərdəli, beş şəkilli opera Xalq şairi Səməd Vurğunun eyniadlı dramı əsasında, Firudin Mehdiyevin librettosu ilə səhnələşdirilib.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, rəqslərin quruluşçusu isə Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə olub.
Tamaşada Vaqif obrazını Əməkdar artist Ramil Qasımov, Xuraman obrazını ilk dəfə Fatimə Cəfərzadə, Qacar obrazını ilk dəfə Taleh Yahyayev, Vidadi obrazını Xalq artisti Əkrəm Poladov, İbrahim xan obrazını ilk dəfə Mahir Tağızadə, Əlibəy obrazını Əməkdar artist Tural Ağasıyev, Gülnar obrazını Səma Həmzəyeva, Qarı obrazını Əməkdar artist Gülüstan Əliyeva, Şeyx Alı obrazını Nəzər Bəylərov, Eldar obrazını Əməkdar artist Cahangir Qurbanov, Vəzir obrazını isə ilk dəfə Rəhman Əzizli canlandırıb.
Xanəndə oğlan obrazlarını Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov ifa ediblər. Xanəndələri tarda Xalq artisti Elçin Həşimov, kamançada isə Əməkdar artist Elnur Əhmədov müşayiət edib.
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş tamaşa bəstəkarın zəngin yaradıcılıq irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan milli opera sənətinin dəyərli nümunələrindən birinin səhnə həyatına diqqəti bir daha cəlb edib.
İlkin Naib













Mənbə: apa.az