Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 16:01
Səhiyyə idarəçiliyində yeni mərhələ vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Musa Quliyev deyib ki, Prezident İlham Əliyevin “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, dövlət tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından yeni imkanlar yaradır.
İdarəetmədə yeni mərhələyə keçid
Parlamentin komitə sədri qeyd edib ki, səhiyyə sistemində həyata keçirilən struktur dəyişikliklərinə ayrı-ayrı qurumların tabeliyinin dəyişdirilməsi kimi deyil, ümumi idarəetmə modelinin təkmilləşdirilməsi kontekstində yanaşmaq lazımdır: “TƏBİB-in yaradılması icbari tibbi sığortanın tətbiqi prosesində dövlət tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmlərinə uyğunlaşdırılması üçün mühüm rol oynayıb. Həmin mərhələdə xəstəxanaların idarə edilməsinin operativ təşkili, maliyyə resurslarının yeni sistemə uyğun bölüşdürülməsi və tibbi xidmətlərin təşkili üzrə fərqli yanaşmaların tətbiqi zəruri idi. Hazırkı mərhələdə əsas məqsəd səhiyyə sisteminin ayrı-ayrı komponentləri arasında əlaqələri gücləndirmək, qərarların icrasında ardıcıllığı təmin etmək və idarəetmənin ümumi nəticələrini yaxşılaşdırmaqdır. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı formalaşdırılan idarəetmə mexanizmləri indi daha geniş strateji çərçivədə inkişaf etdirilməlidir. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi dövlət səhiyyə siyasətinin müəyyənləşdirilməsi ilə onun icrası arasında koordinasiyanın gücləndirilməsi üçün imkan yaradır”.
Tibbi xidmətlərin keyfiyyəti əsas meyar olmalıdır
Musa Quliyev vurğulayıb ki, dövlət tibb müəssisələrində vahid keyfiyyət meyarlarının tətbiqi, fəaliyyət nəticələrinin obyektiv qiymətləndirilməsi və mövcud resurslardan səmərəli istifadə səhiyyə islahatlarının əsas istiqamətlərindən olacaq: “Eyni zamanda, idarəetmədə təkrarlanan funksiyaların aradan qaldırılması və bürokratik prosedurların sadələşdirilməsi qərarların daha çevik qəbuluna şərait yaradacaq. Səhiyyə sistemində məsuliyyət və hesabatlılıq mexanizmləri gücləndiriləcək. Dövlət tibb müəssisələrinin fəaliyyətinə dair nəticələr aydın göstəricilər əsasında təhlil olunacaq, problemlərin vaxtında müəyyənləşdiriləcək və aradan qaldırılması üçün təsirli mexanizmlər qurulacaq”.
Sosial rifah və rəqəmsal inkişafla uzlaşan səhiyyə sistemi
Parlamentin komitə sədri bildirib ki, səhiyyə xidmətlərinin əlçatanlığı əhalinin sosial rifahına birbaşa təsir göstərən amillərdəndir: “Buna görə də idarəetmənin təkmilləşdirilməsi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, vətəndaşların ehtiyaclarına daha həssas yanaşmanı da təmin edəcək. Rəqəmsal sistemlərin inteqrasiyası, məlumat mübadiləsinin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqi səhiyyə müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkilinə kömək edəcək. Bu prosesdə tibbi kadrların hazırlanması və peşəkar inkişafının səhiyyə sisteminin real ehtiyaclarına uyğunlaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Bütün bu istiqamətlərin vahid siyasət çərçivəsində əlaqələndirilməsi daha dayanıqlı səhiyyə sisteminin formalaşmasına töhfə verəcək. Başlıca hədəf insanların daha keyfiyyətli və əlçatan tibbi xidmət alması, dövlət resurslarından səmərəli istifadə olunması və səhiyyə sisteminə ictimai etimadın möhkəmləndirilməsidir”.
Musa Quliyev səhiyyə islahat
Mənbə: apa.az