Soltan Məmmədov: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid idarəetmə modelinə keçidi sürətləndirəcək

Soltan Məmmədov: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid idarəetmə modelinə keçidi sürətləndirəcək

Tarix: 19 Oct 2026 17:00

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid idarəetmə modelinə keçidi sürətləndirəcək.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, koordinasiyanın gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

TƏBİB keçid dövrünün mühüm mərhələsi olub

Soltan Məmmədov qeyd edib ki, TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid prosesində zəruri və mühüm addım idi: “Həmin dövrdə dövlət tibb müəssisələrinin sovet dövründən qalan idarəetmə modelindən yeni maliyyələşmə sisteminə uyğunlaşdırılması, xəstəxanaların menecmentinin gücləndirilməsi və xidmət standartlarının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyırdı. Keçid prosesində yaranan idarəetmə və maliyyələşmə məsələlərinin operativ həlli üçün dövlət tibb müəssisələrinin fəaliyyətini bilavasitə əlaqələndirən ayrıca idarəetmə strukturuna ehtiyac var idi. TƏBİB bu mərhələdə xəstəxanaların yeni sistemə uyğunlaşmasına, idarəetmə mexanizmlərinin formalaşmasına və icbari tibbi sığortanın tətbiqinə xidmət edib. İndi TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi keçid mərhələsindən daha geniş, vahid və mərkəzləşdirilmiş idarəetmə modelinə keçid kimi qiymətləndirilə bilər. Bu, əvvəlki mərhələdə formalaşdırılmış mexanizmlərin vahid strateji yanaşma çərçivəsində daha səmərəli əlaqələndirilməsi üçün yeni imkanlar yaradır”.

Vahid strategiya və məsuliyyət mexanizmi

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü vurğulayıb ki, islahatın əsas hədəflərindən biri səhiyyə sisteminin inkişafı üzrə vahid strateji yanaşmanın təmin edilməsi, idarəetmə səviyyələri arasında koordinasiyanın gücləndirilməsi və fəaliyyət nəticələrinə görə məsuliyyətin artırılmasıdır: “İdarəetmənin vahid mərkəzdə əlaqələndirilməsi funksiyaların təkrarlanmasının qarşısını almağa, bürokratik prosedurları azaltmağa və qərarların qəbulunu sürətləndirməyə kömək edə bilər. Eyni zamanda, dövlət tibb müəssisələrində xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün vahid standartların və nəticəyönümlü mexanizmlərin tətbiqi daha da aktuallaşır. Yeni yanaşmanın səmərəliliyi yalnız idarəetmə strukturunun dəyişməsi ilə deyil, həm də bu dəyişikliklərin vətəndaşların gündəlik həyatında yaratdığı nəticələrlə ölçülməlidir. Əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması əsas prioritetlər olaraq qalmalıdır”.

Rəqəmsallaşma və kadr hazırlığı prioritet olmalıdır

Səhiyyə sistemində rəqəmsal inteqrasiyanın gücləndirilməsinin də vacib istiqamətlərdən biri olduğunu deyən Soltan Məmmədov bildirib ki, informasiya sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin təkmilləşdirilməsi idarəetmənin çevikliyini artıra, qərarların daha dolğun məlumatlar əsasında qəbuluna şərait yarada bilər: “Tibbi təhsilin və tibb işçilərinin peşəkar inkişafının səhiyyə sisteminin real ehtiyaclarına uyğunlaşdırılması da islahatların mühüm tərkib hissəsidir. Kadr hazırlığı ilə tibbi xidmətlərin təşkili arasında əlaqənin gücləndirilməsi insan resurslarından daha səmərəli istifadə üçün imkanlar yaradır. Bütün bu istiqamətlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi səhiyyə sisteminin maliyyə dayanıqlığının gücləndirilməsinə və idarəetmənin nəticəyönümlü qurulmasına xidmət edə bilər. Əsas məqsəd daha çevik, koordinasiyalı və vətəndaş yönümlü səhiyyə modelinin formalaşdırılmasıdır. İdarəetmədə nəzərdə tutulan dəyişikliklər tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, resurslardan səmərəli istifadə və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması ilə müşayiət olunmalıdır”.

Soltan Məmmədov səhiyyə islahat TƏBİB Səhiyyə Nazirliyi

Mənbə: apa.az

Xəbər Lenti