Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 10:42
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallı rayonunda tədbirlər keçirilib.
Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi, həmçinin Masallı rayonundan olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış "Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi" ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.
Əvvəlcə Masallı rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon ictimaiyyəti, Dövlət Xidmətinin rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.
Daha sonra Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Rəfail Xəlilov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik, həmçinin rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, "MyGov" rəqəmsal hökumət platforması və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, tədbir çərçivəsində zərərli vərdişlərə qarşı mübarizəyə toxunularaq gənclərin iştirakı ilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici çıxışlar edilib.
Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları da çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı tədbir yolsalma










Mənbə: apa.az