Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 14:08
Dünən axşam saat 21:00 radələrində başlayan intensiv yağışlar nəticəsində Ordubadın Dırnıs və Anaqut kəndlərinin bir neçə məhəlləsinə sel gəlib. Sel evlərin ətrafındakı ərazilərə, təsərrüfatlara, avtomobillərə və digər texnikalara ziyan vurub.
APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ordubad rayon İcra Hakimiyyətinin Dırnıs kənd ərazi dairəsi üzrə nümayəndə Əhməd Hüseynov deyib.
İlkin məlumata əsasən, təxminən 15 evin ətrafındakı təsərrüfat sahələrinə zərər dəyib, bəzi yerlərdə hasarlar uçub.
O qeyd edib ki, zərər əsasən mal-qaraya, avtomobillərə və digər texnikalara dəyib: "Bir təsərrüfatda 5-6 baş heyvanın tələf olduğu bildirilir. Hadisədən dərhal sonra aidiyyəti qurumlar tərəfindən əraziyə texnikalar cəlb olunub. Selin dayanmasından sonra yollara yığılan qum və çınqılın təmizlənməsi, məhəllələrə gedən yolların açılması istiqamətində işlər görülüb. Hazırda ərazidə fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir".
Qeyd olunub ki, qaz və elektrik təchizatı infrastrukturuna ziyan dəyməyib. Bir neçə ərazidə rabitə xətlərində yaranan problemlər də aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır.
***
11.47
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ötən gecə yağan güclü yağışlar Dırnıs və Kələki kəndlərində selə səbəb olub.
APA xəbər verir ki, sel nəticəsində yaşayış evlərinə, təsərrüfat sahələrinə və avtomobillərə ziyan dəyib.
Hazırda Ordubad Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşları ərazidədirlər. Selin yaratdığı fəsadların aradan qaldırılması, vəziyyətin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
***
09.59
Ordubadda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.
APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs, Kələki, Anaqut kəndinlərində yağan yağışdan sonra daşqın olub.
Sel kəndlərdə fəsadlara yol açıb. Kələki kəndində stadionu sel basıb.
Ceyhun Məmmədov Ordubad sel fəsad















Mənbə: apa.az