Çərşənbə axşamı, 3 Noyabr, 2026
Tarix: 03 Nov 2026 11:52
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu: “Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı. Bu Zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük. Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir”.
Deputat Sahib Alıyev bildirib ki, dövlətçilik ənənələrinə malik ölkələrə 8 Noyabr Zəfərinin yaratdığı geosiyasi reallıqdan uğurla faydalanmaldır: “İkinci Qarabağ müharibəsindəki qələbədən sonra atılan addımlar əsrlərdən bəri böyük güclərin dünyanın mərkəzi adlandırdığı coğrafiyada yaşayan xalqlara öz regionlarının gələcəyini müəyyənləşdirmək imkanı verdi. Bu fürsəti heç cür əldən vermək olmaz. Digərlərini deyə bilmərəm, amma Azərbaycan bu imkanı əldən verməyəcək”.
Deputat Bəxtiyar Əliyev qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir: “Azərbaycan öz müstəqilliyini qoruyacaq, siyasətini uğurla həyata keçirəcək və Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində bundan sonra da mühüm rol oynayacaq”.
Deputat Azər Badamov deyib ki, Zəfər bizə yalnız torpaqlarımızı qaytarmadı, xalqımızın milli qürurunu, mənəvi ucalığını, tarixi ədaləti və dövlətimizin ərazi bütövlüyünü bərpa etdi: “Otuz il ərzində xalqımızın üzləşdiyi işğal və məcburi köçkünlük reallığına son qoyaraq Azərbaycanı qalib dövlətə, xalqımızı isə qalib xalqa çevirdi. Bu böyük tarixi hadisənin siyasi və strateji müəllifi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Prezident İlham Əliyev ilk andiçmə mərasimindən etibarən Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri elan etmiş, torpaqlarımızın işğaldan azad olunacağını və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını qətiyyətlə bəyan etmişdi. Bu bəyanat sadəcə siyasi vəd deyildi. Sonrakı illərdə həyata keçirilən bütün strateji tədbirlər məhz həmin məqsədə xidmət edirdi.
44 günlük Vətən müharibəsi bu dövlət strategiyasının real gücünü nümayiş etdirdi.
Müharibə günlərində Azərbaycan həm hərbi, həm diplomatik, həm də informasiya cəbhələrində vahid strategiya əsasında hərəkət etdi. Xalqımızın milli birliyi, Ordumuzun döyüş əzmi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi tarixi Qələbəni təmin etdi. Bu tarixi Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına qazanıldı. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”
Milli Məclis Zəfər
Mənbə: apa.az