- Cümə, 27 Dekabr, 2024
Tarix: 15.07.2024 19:44
“Hazırda Məhərrəmlik ayıdır, sabah Aşura gününü qeyd edəcəyik”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, Aşura günü hər il Azərbaycanda da qeyd olunur: “İnsanlarımız ənənəyə sadiqlik nümayiş etdirərək məscidlərə gedirlər. Amma bununla bağlı bir məsələni qeyd etmək lazımdır. Azyaşlıların məscidlərə aparılması, Aşura mərasimlərində iştirak etməsi düzgün deyil, bu, uşaqların psixoloji durumuna mənfi təsir göstərir. Çünki bəzi məscidlərdə hələ də insanların zəncirlə özlərini döydüklərini, özlərinə xəsarət yetirdiklərinin şahidi oluruq. Bu da birmənalı olaraq uşaqlara kəskin təsir göstərir. Belə hallar nəzər alınmalıdır”.
Deputat hesab edir ki, insanların bu sahədə daha çox maarifləndirilməsinə ehtiyac var: “Bütün hallarda Aşura mərasimlərinə uşaqların aparılması düzgün deyil. Eyni zamanda hələ də cəmiyyət olaraq bizim insanlar Aşuranın, Məhərrəmliyin fəlsəfəsinə tam bələd deyillər. Hələ də ciddi maarifləndirmə, təbliğat işlərinin aparılmasına ehtiyac var. Bunun üçün davamlı olaraq yazılı və elektron mediada, telekanallarda maarifləndirici materiallara geniş yer verilməlidir ki, insanlar Aşuranın, Məhərrəmliyin fəlsəfəsini bilsinlər. Aşura, Məhərrəmlik haqqın haqsızlığa qarşı mübarizəsidir. Bu, bir şəhadət məktəbidir. Bu, insanlara Vətən uğrunda canından keçməyi təbliğ edir və öyrədir. Aşuranın, Məhərrəmliyin fəlsəfəsini öyrətməliyik ki, insanlar bu mərasimlərdə özlərinə xəsarət yetirməsinlər. Eyni zaman məscidlərdə də bu məsələlərə nəzarət olmalıdır. Məscidlərdə nəzarət etməlidirlər ki, azyaşlı uşaqlar bu tədbirlərdə iştirak etməsinlər, psixoloji zərbə almasınlar. İnsanlarımız da ibadətlərini, əməllərini düzgün formada yerinə yetirsinlər. Yanlış əməllərin qarşısını alınmalıdır”.