Xarici və yerli QHT-lər “COP29 QHT Koalisiyası” yaradıb

Tarix: 19.07.2024 10:07

“Xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri daxil olmaqdadır. Məsələni İdarə Heyətində müzakirə etdik və qərara aldıq ki, “COP29 QHT Koalisiyası” yaratmağa təşəbbüs göstərək. Təşəbbüsümüz xarici QHT-lər tərəfindən yüksək maraqla qarşılandı. Artıq 30 ölkədən 108 xarici QHT bu koalisiyaya qoşulmağa razılıq verib. Müraciətlər hər gün davam edir, ola bilsin ki, bu şəbəkə daha da genişlənsin. Azərbaycanda ilk dəfədir ki, belə qlobal formatda və nəhəng miqyasda yerli və xarici QHT-lərin əməkdaşlığı qurulur. Artıq vətəndaş cəmiyyəti COP29-un Azərbaycana bəxş etdiyi unikal imkanları hiss edir”.

APA xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bəyan edib.

O, bildirib ki, bu əməkdaşlığın qurulmasında Azərbaycan Milli QHT Forumunun üzvləri yaxından iştirak edib: “Hər kəs bu prosesə maksimum öz töhfəsini verməyə çalışır”. Ramil İskəndərli deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik 3 qrup təşkilat mövcuddur. Onlardan birincisi, Birləşmiş Millətlər Təşkilatı sistemi və onun ixtisaslaşmış qurumlarıdır, ikincisi, hökumətlərarası təşkilatlardır, üçüncüsü isə QHT-lərdir. Hazırda UNFCCC çərçivəsində 3631-i QHT müşahidəçi statusa malikdir. Həmin bu təşkilatların təxminən 90%-i 9 Həmfikir Qrupda (Constituency) birləşib. Bura ENGO (Environmental groups), BINGO (Business and industry), WGC (Women and gender), RINGO (Research and academic institutes), Farmers (Farming and agriculture), TUNGO (Labour unions), YUNGO (Youth and children groups), LGMA (Local governments and municipal authorities) və IPO (Indigenous populations) daxildir: “3 Qeyri-formal Qrup (Faith-Based Organizations (FBOs), Education, Communication and Outreach Stakeholders (ECOs) və Parliamentarians) da mövcuddur. Həmçinin, Əlilliyi olan Şəxslər Qrupu da (Disability Caucus) həmin Qeyri-formal Qrup kimi başa düşülür. Müəyyən qrup QHT-lər isə heç bir Həmfikir Qrupunun üzvü deyil və ayrıca fəaliyyət göstərir”.

R.İskəndərli qeyd edib ki, Azərbaycan Milli QHT Forumu 9 Həmfikir Qrupla, o cümlədən Qeyri-formal qruplarla da sıx əməkdaşlıqda maraqlıdır: “COP29 QHT Koalisiyası”nda yer alan 36 QHT Həmfikir Qrupların (Constituency) təmsilçiləridir. 9 Həmfikir Qrupdan 5-inə daxil olan QHT-lər hazırda Koalisiyada yer alır. Bu, Koalisiyanın hansı miqyasda iş apara biləcəyi ilə bağlı aydın təsəvvür yaradır. Bu təşkilatların inkişaf etməkdə olan ölkələrdən olan QHT-lərlə qlobal diskussiyaları inklüzivliyi təmin edir. Koalisiyadakı xarici QHT-lərdən 68-i inkişaf etməkdə olan ölkələrdəndir”. O, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan etməsinə də toxunub: “Bu o deməkdir ki, yerli QHT-lərin xarici QHT-lərlə birgə COP29-la əlaqədar birgə layihə icra etməsinə imkan yaranır. Bu müsabiqədə xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatların məhz inkişaf etməkdə olan ölkələrdən, xüsusilə ən az inkişaf etmiş ölkələrdən və inkişaf etməkdə olan kiçik ada ölkələrindən olmasına üstünlük veriləcəyi açıqlanıb. Bu, Azərbaycan dövlətinin inklüzivlik məsələsinə necə həssas, qayğı ilə yanaşdığını aydın nümayiş etdirir. Biz də istəyirik ki, COP29-da dünyanın bütün yerlərindən olan vətəndaş cəmiyyəti qurumlarının səsi eşidilsin. Koalisiyada yer alan QHT-lərin bu müsabiqədə fəal iştirak edəcəyini düşünürük”.

Forumun İdarə Heyətinin sədri əlavə edib ki, Azərbaycanın İEOÖ-in maraqlarını güclü müdafiə etməsi dünyada da rəğbətlə qarşılanır: “Fikrimcə, bu məsələ Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründən başladı. Bu, çox faydalı platforma oldu, Azərbaycana dünyanın problemlərini görməyə daha yaxşı şərait yaratdı. “Hələ 2023-cü ildə - Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan kiçik ada dövlətlərinə post-pandemiya çətinliklərinin həlli üçün dəstək göstərməyə çağırış etmişdi, bu məqsədlə maliyyə vəsaiti də ayırmışdı. Kiçik ada dövlətləri Azərbaycana böyük ümidlərlə baxır. Rəsmi şəxslərin verdiyi açıqlamalardan belə başa düşürük ki, Azərbaycan onlar üçün "Commonwealth" təşkilatı ilə birlikdə xüsusi texniki dəstək fondunun formalaşdırılmasına çalışır”.

R.İskəndərli deyib ki, bu prizmadan baxdıqda mənzərə daha aydın görünür: “Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı müsabiqə elanında xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olan QHT-lərin iştirakına üstünlük veriləcəyi hissəsini oxuyanda aydın olur ki, Azərbaycan təkcə vədlər vermir, bu kateqoriyadan olan dövlətlərə imkanı daxilində maliyyə dəstəyi də təklif edir”. Ramil İskəndərli iyulun 18-də “COP29 QHT Koalisiyası”nın “Zoom” vasitəsilə hibrid görüşünün də keçirildiyini, görüşdə fikirlərin dinlənildiyini, birgə əməkdaşlıq imkanlarının ətraflı araşdırıldığını vurğulayıb.

Azərbaycan Milli QHT Forumunun rəhbəri COP29 sədrliyinə müraciət də hazırlayacaqlarını açıqlayıb: “Pre-COP tədbirlərində UNFCCC çərçivəsində 3631-i müşahidəçi QHT-nin mütləq əksəriyyətinin birləşdiyi 9 Həmfikir Qrupun (Constituency) təmsilçilərinin iştiraka dəvət edildikləri barədə məlumatlıyıq. Bu xüsusda, oktyabrda “Pre-COP29” tədbirləri üçün Həmfikir Qrupların təmsilçilərinin Bakıda olduğu zaman çox istərdik ki, bu səfər çərçivəsində “COP29 QHT Koalisiyası”nın təşəbbüskarı olan Azərbaycan Milli QHT Forumunun nümayəndələrinin onlarla görüşü təşkil edilsin. Biz ev sahibi olan ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri kimi onların da səsini eşitmək istəyirik. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, nəticə verəcək”.

Xəbər Lenti