Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB

Tarix: 19.07.2024 11:38

Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirilib.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Azərbaycanda Mətbuatın Yaranmasının 149-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib ki, bu gün Azərbaycan mətbuatı möhkəm təməllər üzərində inkişaf edir:

"Bu gün burada ölkəmizin tarixində çox əlamətdar olan gün münasibətilə toplaşmışıq. 149 il bundan əvvəl "Əkinçi" qəzeti işıq üzü görüb. Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin qoyduğu möhkəm təməllər üzərində inkişaf etməkdədir. Azərbaycanda mətbuatın inkişafında Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri olub. Azərbaycan mətbuatı keçdiyi yolda böyük məhdudiyyətlərlə qarşılaşıb. Azərbaycan Jurnalistlərinin I Qurultayının qərarı ilə yaradılan Mətbuat Şurası ölkəmizdə medianın inkişafında mühüm rol oynayıb. Bu sahədə görülən tədbirlər nəticəsində Azərbaycandakı çap mediasının nəşriyyatlara olan borcu silindi. Azərbaycan bu gün qalib xalqdır. Ölkəmiz Prezident İlham Əliyevin sayəsində Vətən müharibəsində qələbə qazandı. Müharibədən təqribən bir il sonra Media sahəsində islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalandı. MEDİA Agentliyinin yaradılması ilə bu sahədə ciddi islahatlara başlandı. Bu gün onu bildirmək istəyirəm ki, Azərbaycan mətbuatı inkişaf edir".

Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, 1998-ci ilin avqustunda Prezident Heydər Əliyevin imzaladığı sərəncamla mətbuatda senzura ləğv olunub, bununla da mətbuat tarixində yeni dövr başlayıb:

"Bu islahatlar hazırda da davam edir. Bilirsiniz ki, bu il Şuşada II Media Forumu keçiriləcək. Bu ilin əvvəlində Prezident İlham Əliyev jurnalistlərə müsahibəsində Azərbaycan mətbuatında yeni dövrün başlandığını elan etdi. Onu da qeyd etmək istəyirəm ki, jurnalist əməyi böyük peşəkarlıq tələb edir. İnanıram ki, Azərbaycan mətbuatı tərəqqi yolunda bundan sonra da inkişaf edəcək".

Audiovizual Şuranın üzvü Bəxtiyar Qaraca isə Azərbaycan televiziyalarında milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayıb:

"Jurnalistikada ən vacib dəyərlər ləyaqət və prinsiplərə sədaqətdir. Vaxt var idi Azərbaycanda bir televiziya var idi, indi isə telekanalların sayı çoxdur. Bu gün təəssüf ki, televiziya kanallarında milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlər də mövcuddur. 44 günlük Vətən müharibəsində Azərbaycanın bir sıra mətbuat nümayəndələri də döyüşlərdə iştirak edib. Göründüyü kimi, Azərbaycan jurnalistləri həm ön, həm də arxa cəbhədə vətənə fədakarlıqla xidmət ediblər".

Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinin dekanı Vüqar Zifəroğlu isə ölkəmizdə jurnalistikanın inkişafı sahəsində görülən tədbirlərə nəzər salıb:

"1998-ci ildə qəbul olunan qanunla Azərbaycanda media qurumu təsis olunması proseduru asanlaşdı. Prezident İlham Əliyevin 12 fevral tarixli fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması bu sahədə olduqca mühüm nailiyyətdir. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu gün Azərbaycan mətbuatı qarşıda duran yeni çağırışlara adekvat olmalıdır. Texnologiyanın inkişafı bu gün mətbuatda tənzimləyici addımların atılmasını zəruri edir".

Tədbirdə Medianın İnkişafı Agentliyi bu ilin mayında "Yaşıl Dünya naminə Həmrəylik ili" münasibətilə elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb.

***

10:54

Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Audiovizual Şurasının və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 149-cu ildönümü münasibətilə konfrans keçirilir.

APA xəbər verir ki, tədbirdə ölkəmizdə fəaliyyət göstərən media qurumlarının, eləcə də bu sahədə tənzimləyici funksiyaları yerinə yetirən orqanların rəhbərliyi və təmsilçiləri iştirak edir.

Qeyd edək ki, tədbir zamanı "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda təşkil edilən müsabiqənin nəticələri elan ediləcək və qalib onlayn media subyektlərinə "Green certificate" təqdim olunacaq.

Xəbər Lenti