- Cümə, 27 Dekabr, 2024
Tarix: 19.07.2024 17:16
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq olunub.
Cəlal Kazımovun vəkili Əli Adıgözəlov məhkəmədə ifadə vermiş şahidlərin istintaqdakı ifadələri arasında ziddiyət olduğunu deyib: “İstintaqa təqdim olunan sənədlərlə məhkəmədə təqdim olunan sənədlər arasında ciddi rəqəm fərqləri var. Məhkəmədə verilən ifadələrdə qarışıqlıq var, üst-üstə düşmür və ittiham aktında sübut kimi götürülmür. Həmin şəxslərin yenidən ifadə verməsini və sənədlərə təkrar baxılmasını istəyirəm”.
Məhkəmə müdafiəçiyə protokolla tanış olmağı, narazı qaldıqları məqamları sənədlərin tədqiqi yekunlaşdıqdan sonra müzakirə etməyi təklif edib:
“Sənədlərin tədqiqi mərhələsindəyik, yenidən həmin şahidləri çağırıb ifadə vermələrini istəsək, proses yenidən başlamalıdır”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinin xəstəliyi ilə bağlı bəzi sənədlər iş materiallarında var, həmin sənədlər elan olunub. Vəkil deyib ki, bəzi sənədlər var ki, onlar cinayət işinin sənədlərində yoxdur.
Rəşad Mirmehdizadə həmin sənədlərin işə əlavə olunmasını istəyib.
Hakim isə vəsatətlərin sənədlərin tədqiqi başa çatdıqdan sonra qəbul olunacağını deyib.
Proses avqustun 16-da davam etdiriləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.
Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadə və cinayət işləri ayrıca icraata görülən digər zabitlər həbs ediliblər. Ümumi cinayət işi üzrə dövlətə dəyən zərər 143 milyon manatdır.
İş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.