COP29 çərçivəsində İqlim Maliyyələşməsi Fondunda 1 milyard dollar investisiya toplamaq üçün addımlar atılacaq

Tarix: 19.07.2024 18:25

COP29 çərçivəsində İqlim Maliyyələşməsi Fondunda 1 milyard dollar investisiya toplamaq istiqamətində addımlar atılacaq.

APA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 sədrliyinin mətbuat konfransında deyib.

O bildirib ki, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən kiçik və orta biznes sahiblərinə, eləcə də yaşıl enerji istehsalı ilə məşğul olan sahibkarlara dövlət zəmanətinin verilməsi ilə bağlı ciddi addımlar atılmalıdır:

“Hesab edirəm ki, ərzaq və kənd təsərrüfatı sahələrində həmçinin torpaq qatının mühafizəsinə, eləcə də cəmiyyətlərin ərzağa olan ehtiyacının təminatına diqqət artırılmalıdır. COP29 çərçivəsində İqlim Maliyyələşməsi Fondunda 1 milyard dollar investisiya toplamaq istiqamətində addımlar atılacaq. Hazırda biz buna çalışırıq. Yaradılacaq fond eyni zamanda ərzaq və kənd təsərrüfatı sektorlarının maliyyələşməsini, eləcə də tullantıların səviyyəsinin sıfıra endirilməsini prioritetə çevirməyi qarşısına məqsəd qoyacaq. Həyata keçirilən layihələrdən əldə olunacaq gəlir yenidən investisiya şəklində fonda yönləndiriləcək. Yaradılacaq Fondun mənzil-qərargahı Bakı şəhərində yerləşəcək”.

Fərid Azəri

Aygün Carçıyeva

Xəbər Lenti