II Şuşa Qlobal Media Forumu işə başlayır - YENİLƏNİB-1 - VİDEO

Tarix: 20.07.2024 12:37

II Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə yola düşüb.

Bu barədə APA-nın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir.

***

10.38

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək II Şuşa Qlobal Media Forumunun iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanında yerə enib.

APA-nın əməkdaşı xəbər verir ki, qonaqlar buradan onlar üçün ayrılmış xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşəcək.

Qeyd edək ki, 20-22 iyul tarixlərində təşkil olunacaq forumun işində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

https://t.me/apa_az/86143

***

10.30

“Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici media nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına yola düşüb.

APA xəbər verir ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.

Forum çərçivəsində 4 panel sessiya - “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Xəbər Lenti