Şuşada Qlobal Media Forumu çərçivəsində dezinformasiyanın təsirləri müzakirə olunub - FOTO

Tarix: 21.07.2024 12:50

Şuşada Qlobal Media Forumu çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda panel keçirilib.

APA xəbər verir ki, tədbirin moderatoru, "TRT WORLD" telekanalının aparıcısı və icraçı prodüseri Ghida Fakhry deyib ki, "Associated Press" Agentliyinin araşdırmasına görə, 47 faiz respondent informasiya agentliklərinin yaydığı məlumatlara şübhə ilə yanaşır.

Ghida Fakhry bildirib ki, bu gün elə bir dövrdə yaşayırıq ki, feyk-xəbərlərin sayı artıb, doğrunu yanlışdan ayırmaq çətinləşib: “Dünya miqyasında aparılan araşdırmalara görə, insanların 70 faizi məlumatların yalan olduğunu düşünür. Bu gün dezinformasiya özü bir gücə çevrilib".

TASS Agentliyinin baş direktoru Mixail Qusman isə dezinformasiyanın təsir dairələrindən danışıb: "İnformasiya müharibələri silahlı müharibələrdən fərqli olaraq heç vaxt dayanmır. Biz peşəkar jurnalistlər olaraq dezinformasiyanın anlayışını bilməliyik".

"Al-Jazeera" Media Korporasiyasından Montaser Marai isə xüsusilə Qəzza zolağındakı münaqişə dövründə dezinformasiya faktlarına çox rast gəlindiyinə diqqət çəkib: "Al-Jazeera"nın şüarı da müstəqil fikirlərə yer vermək və müstəqil xəbərləri yaymaqdan ibarətdir. Bizim də səhvlərimiz olur. Nəzərə almaq lazımdır ki, heç bir media qurumu dezinformasiyadan sığortalanmayıb. Yəni aldığımız dezinformasiya xarakterli məlumatları özümüz də yoxlamadan yaya bilirik. Mən hesab edirəm ki, bu cür forumlar belə hallarla mübarizəyə mühüm fayda verəcək".

Panel iştirakçılarından Valeria Giannotta Yaxın Şərq də daxil olmaqla, bir sıra münaqişə ocaqlarında jurnalistlərin həlak olmasına diqqət çəkib. O qeyd edib ki, bəzən ikinci dərəcəli mənbələr dezinformasiyaya daha çox yol verirlər: “Bu məsələdə də son dərəcə diqqətli olmalıdırlar".

"Most Traveled People" Təşkilatının yaradıcısı Çarlz Veley isə son üç il ərzində 35 dəfə Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etdiyini bildirib. O deyib ki, belə səfərlər burada baş verənlərlə bağlı dəqiq informasiyanın dünya ictimaiyyətinə çatdırılması üçün faydalıdır.

Panel sual-cavab sessiyası ilə davam etdirilib.

Xəbər Lenti