- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 25.07.2024 13:46
Bakıda 25 yaşlı gənci öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.
Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.