İyulun 14-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

Tarix: 26.07.2024 23:05

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

APA xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27929 abituriyentdən (I qrup üzrə 22889 nəfər, IV qrup üzrə 5040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 5156 abituriyentdən 1576 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib. Hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayan Bakı şəhər 57 saylı orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 397 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticəsi ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31 iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Diqqət!!!

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

Xəbər Lenti