- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 27.07.2024 12:01
Leysan yağışları Şəkinin bir sıra kəndlərində fəsadlar törədib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ölkənin şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti hökm sürür, gün ərazində fasilələrlə yağış yağır, dağlıq və dağ ətəyi ərazilərdə isə leysan xarakterli yağışlar müşahidə olunur. Şəkinin Baş Göynük və ətraf dağlıq ərazilərə son günlər yağan intensiv yağışları nəticəsində ərazidən keçən Şin çayının qollarında susun səviyyəsi qalxıb. Şin çayının Bay Göynük, Aşağı Göynük və Köndələn kəndlərinin inzibati ərazisindən keçən qolundan sel keçib. Çay məcrasından çıxaraq sel suları Bay Göynük, Aşağı Göynük və Köndələn kəndlərinin ərazisinə daxil olub.
Qeyd olunan kəndlərdə 100 yaxın evin həyətyanı sahəsini və kənd daxili yolları lilli sel suları basıb. Əhalinin həyətyanı sahəsində əkdiyi bostan-tərəvəz lilli sel suları altında qalıb, bəzi təsərrüfatlarda isə ev quşları tələf olub. Yerli sakinlərin verdiyi məlumata görə, bir-çox əkin sahələri lilli sel suları altında qalıb.
Şəki Rayon İcra Hakimiyyətinin Aşağı Göyük kənd üzrə icra nümayəndəliyindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, ötən gündən rayonun müvafiq qurumları su basmış ərazilərə cəlb olunub, hazırda ərazidə ağır texnika vasitəsi ilə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.