Meloni Paris 2024-də baş vermiş gender qalmaqalına münasibət bildirib

Tarix: 02.08.2024 05:37

2024 Paris Olimpiya Oyunlarının son 16 raundunda əlcəzairli İman Xəliflə qarşılaşan italiyalı boksçu Angela Karini görüşün 46-cı saniyəsində geri çəkilib.

APA xəbər verir ki, italiyalı boksçu görüşü tərk etməsinin səbəbi kimi bundan əvvəl belə zərbələrlə qarşılaşmamasını göstərib.

Hadisədən sonra əlcəzairli idmançı İman Xəliflə bağlı gender qalmaqalı başlayıb. Qalmaqala səbəb isə onun 2023-cü ildə gender testindən keçə bilməməsi olub.

Gender müzakirələri başlayan kimi İtaliyanın baş naziri Giorgia Meloni də məsələyə münasibət bildirib. Bunun ədalətli rəqabət olmadığını müdafiə edən Meloni "Məncə, kişi genetik xüsusiyyətləri olan idmançılar qadınların yarışlarına qəbul edilməməlidir. Heç kimə qarşı ayrı-seçkilik etmək istədiyimiz üçün deyil, qadın idmançıların bərabər şərtlərlə yarışma hüququnu qorumaq lazımdır" deyə öz etirazını bildirib.

“Tesla”, “SpaceX” və “X” kimi şirkətlərin sahibi milyarder İlon Mask da “X” sosial şəbəkəsindəki hesabında “Qadın idmanında kişilərə yer yoxdur” deyə məsələyə münasibət bildirib.

Xəlif gender testindən keçə bilmədiyi üçün Yeni Dehlidə keçirilən Qadınlararası Dünya Çempionatından diskvalifikasiya edilməsinə baxmayaraq Olimpiadada döyüşməyə icazə verilən iki boksçudan biridir.

Xəbər Lenti