Bu gün Azərbaycanda kino günüdür

Tarix: 02.08.2024 09:10

Bu gün Azərbaycan kinosunun yaranmasının 126-cı ildönümü tamam olur.

APA xəbər verir ki, ölkəmizdə kino işçilərinin peşə bayramı Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə təsis olunub.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin tarix Azərbaycanda kinonun yaranma günü hesab olunur.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib, o cümlədən dünya kinosunun ilk nümunələri Bakıya gətirilərək ictimai baxışlar keçirilib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də I Dövlət Kinofabriki (kinostudiya) açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında lentə alınan “Qız qalası” bədii filmi olub.

1926-cı ildə Dövlət Kinofabriki “Azdövlətkino”, sonrakı illərdə “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” və nəhayət, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən kinostudiya Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinonun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” icra olunub.

Bu il 126-cı ildönümünü qeyd edən Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçib.

Hər il olduğu kimi, bu il də 2 avqust – Azərbaycan Kinosu Günü ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir.

Xəbər Lenti