30 ildən sonra nəşi tapılan şəhidin qardaşı: O, Laçınsız yaşaya bilmirdi, müraciət etdim ki, orada dəfn edilsin - VİDEO - FOTO - YENİLƏNİB

Tarix: 02.08.2024 16:13

Bu gün Laçın şəhidlər xiyabanında dəfn olunan Şəhid Camal Quliyevin qardaşı Kamal Quliyev dəfn mərasimindən sonra öz hisslərini jurnalistlərlə bölüşüb.

APA xəbər verir ki, o, qardaşının nəşinin qalıqlarının axtarışlarında şəxsən özünün də iştirak etdiyini bildirib:

"Qardaşımın əsgər yoldaşları ilə təmasda olduq. Onlar mənə müraciət etdilər ki, Camalı Xudafərin qəbiristanlığında dəfn eləmişik. Neçə dəfə getdik, tapa bilmədik. Sonra bir tək qəbir var idi. Onun yaxınlarının köməkliyi ilə biz də qardaşımın qəbrini tapdıq. Dövlətimiz sağ olsun, bizə kömək etdi. 27 dekabr tarixində nəşin qalıqları ekspertizaya aparıldı. Sağ olsunlar, onlar da qərar verdi ki, qalıqlar qardaşıma məxsusdur" – deyə o bildirib.

O, həmçinin qardaşının döyüşlərə qatılması ilə bağlı öz xatirələrini jurnalistlərə danışıb:

"Torpaqlar işğal altına düşdüyü dövr biz Ağdam rayonunun İmamqulubəyli kəndində yaşayan qohum evinə köçmüşdük. O həmin kənddə ana-bacısı ilə vidalaşıb könüllü olaraq döyüşlərə qatıldı. Dedi ki, ya Laçını alacağam, ya da qayıtmayacağam. Ona görə mən bütün qurumlara müraciət elədim ki, o, Laçınsız yaşaya bilmirdi. Onun Laçında dəfn edilməsinə icazə versinlər. Cənab prezident başda olmaqla əziyyət çəkən hər kəs var olsun".

Xatırladaq ki, şəhidin doğmaları Laçın rayonunun işğalından hazırkı günə qədər Şəki rayonu ərazisində məskunlaşıblar.

***

15:27

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları Laçın rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

APA-nın bölgə müxbiri xəbər verir ki, şəhid Camal Quliyevin nəşi dəfndən öncə doğmalarının yaşadığı, Şəki rayon Cuma kəndinə aparılıb.

Bundan sonra cənazə vida mərasimi keçirilmək və dəfn edilmək üçün Laçın rayonuna gətirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin nəşi yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Quluyev Camal Möhübbət oğlu 1iyun 1969-cu ildə Laçında doğulub. O, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ildə Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Qalıqları Xudafərin kənd qəbiristanlığında aşkar edilib.

Xəbər Lenti